Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə müzakirə olunan məsələlərin ölkəmiz üçün taleyüklü məsələlər olduğuna görə ictimaiyyətin və medianın diqqət mərkəzində olması tamamilə təbiidir. Bu müşavirədəki çıxışı zamanı dövlətimizin başçısı iqtisadiyyatdan tutmuş hərbi quruculuğa qədər, ölkə həyatının bütün sahələrindəki hazırkı vəziyyət və əldə edilmiş uğurlara münasibət bildirdi, ayrı-ayrı sahələrdəki mövcud problemlərə toxundu, onların həlli yollarını göstərdi və eyni zamanda yeni inkişaf hədəflərimizlə bağlı təhlili fikirlərini bölüşdü.
Bu cür müşavirələr adətən həm hesabat xarakteri daşıyır və həm də ölkənin gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi, yeni “yol xəritəsi”nin cızılması üçün imkanlar yaradır. Cənab Prezident sözügedən müşavirələrin vasitəsilə ötən müddət ərzində görülmüş işlərin, qarşıya qoyulmuş məsələlərin həllinin gedişi ilə bağlı bir növ monitorinq aparır. Həmçinin hesabat müşavirələri Cənab Prezidentə hökumətin qarşısında qoyulan vəzifələrin icrası prosesinə, ayrı-ayrı dövlət qurumlarının əldə etdikləri nəticələrə mütəmadi nəzarət mexanizmini formalaşdırmağa imkan verir.
Dünənki müşavirə də bu baxımdan bir sıra diqqət çəkən məqamlarla yadda qaldı. Belə ki, dövlət başçısı qeyd etdi ki, hazırda ölkə qarşısında duran bir çox mühüm vəzifələr var. Bura Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla bütün ölkə üzrə həyata keçirilməkdə olan böyük infrastruktur layihələrindən tutmuş, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin olunması, ordu quruculuğuna diqqətin daim artırılmasının, Silahlı Qüvvələrimizin modernləşdirilməsinin vacibliyi, ekoloji vəziyyətlə bağlı mövcud problemlərə, o cümlədən Ermənistan tərəfindən transsərhəd çayların çirkləndirilməsinə və sərhədimizə yaxın ərazilərdə ekoloji təhlükə mənbəyi sayıla biləcək müəssisələrin yaradılmasına diqqət yönəldilməsi, habelə hazırda Ermənistanla olan münasibətlərimizin, eləcə də sülh danışıqlarının gedişatı ilə bağlı məsələlər daxildir.
Bu gün dünyada qaydalar tamamilə pozulduğuna və beynəlxalq hüquqa əməl edilmədiyinə, beynəlxalq münasibətlərdə güc amilinin ön planda olmasına diqqət çəkən dövlətimizin başçısı qeyd etdi ki, bu yeni reallığın ortaya çıxardığı təhdidlərə görə biz, ilk növbədə, özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. Bu isə heç şübhəsiz ki, ilk növbədə ölkəmizin müdafiə potensialının daha da artırılmasından asılıdır. Biz öz Silahlı Qüvvələrimizi dünyanın ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq. Bu baxımdan, dövlət başçısının da qeyd etdiyi kimi struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək. Çünki bu gün elə bir durum yaranıb ki, artıq beynəlxalq təşkilatların qətnamələrinə bel bağlamaq olmaz.
Təəssüflə qeyd etməliyik ki, bu gün dünya siyasətini müəyyənləşdirən bəzi qüvvələr məhz güc amilinə önəm verirlər və yalnız gücdən çəkinirlər. Ona görə də biz öz təhlükəsizliyimizi təmin etmək üçün hərbi gücümüzü daim artırmalıyıq. Yerləşdiyimiz coğrafiyanın reallıqları da bizdən daim güclü orduya malik olmağı tələb edir. Bütün bu amillər nəzərə alınaraq hazırda Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. Bir sözlə, təhlükəsizliyimizin tam təmin edilməsi və ərazi bütövlüyümüzün qorunması üçün bütün işlər yüksək səviyyədə görülür. Cənab Prezident də məhz bu amili nəzərdə tutaraq əminliklə bildirdi ki, Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır.
Dövlət başçısının çıxışında ekoloji problemlərə də geniş yer ayrıldı. Və bu müstəvidə Söyüdlü hadisələrinə, Ermənistanın ekologiyamıza, təbiətimizə vurduğu zərərə də münasibət bildirildi. Şübhəsiz ki, son 30 ildə (işğal müddətində və postmüharibə dövründə) ölkəmizə ən ağır ekoloji zərərlər məhz Ermənistan tərəfindən vurulub. Prezident İlham Əliyev bunun danılmaz bir həqiqət olduğunu öz çıxışında dəqiq faktlara əsaslanaraq bir daha bəyan etdi. O da qeyd olundu ki, Ermənistan dövlətini transsərhəd çaylarımızı, su hövzələrimizi, meşələrimizi , təbii sərvətlərimizi ekoloji terrora məruz qoyması kimi təhlükəli praktikadan əl çəkməyə məcbur etmək üçün bütün hüquqi yollara baş vurulacaq. Biz bu məsələləri beynəlxalq konvensiyalara söykənərək ardıcıl surətdə diqqətdə saxlayacağıq. Dünya ictimaiyyətinin diqqətini ermənilərin ekoloji barbarlığına yönəltmək əsas prioritetlərimizdən biri olmalıdır.
Eyni zamanda ekoloji problemlərin həlli istiqamətində özümüzdən asılı olan məqamlar da var. Cənab Prezident də çıxışında məhz bunu nəzərdə tutaraq bildirdi ki, ölkəmizin böyük hissəsi artıq rəsmən “yaşıl enerji” zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Dövlət başçısı Söyüdlü hadisələrinin səbəbləri barədə danışarkən iki mühüm məqama toxundu. Birinci məqam məhz əlaqədar rəsmi qurumlar tərəfindən ekoloji problemlərə vaxtında reaksiya verilməməsi və gərəkən operativ tədbirlərin görülməməsi ilə bağlıdır. Dövlət başçısı bununla bağlı ciddi iradlarını bildirdi və müvafiq qurumlara öz tapşırıqlarını verdi. Bununla yanaşı, Gədəbəydəki qızıl yataqlarını istismar edən xarici investor-şirkət də Cənab Prezidentin tənqidlərindən kənarda qalmadı. O, birmənalı olaraq bildirdi ki, burada işləyən xarici şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Əgər hörmət etməyəcəklərsə, o zaman onların fəaliyyəti burada mümkünsüz olacaq.
Söyüdlü hadisələri ilə bağlı ikinci mühüm məqam isə baş vermiş iğtişaşlar zamanı hüquqazidd hərəkətlər, eyni zamanda polisin fəaliyyətinə münasibətlə bağlıdır. Dövlət başçısı vətəndaşların haqlı tələblərinin diqqətə alınmasının vacibliyi ilə bərabər, asayişimizi qoruyan polisə hörmətlə yanaşılmasının vacibliyini də xüsusilə vurğuladı. Başqa sözlə desək, insan amili ilə dövlət və dövlətçilik amili həmişə yanaşı dayanmalıdır. Ona görə də daxildəki və xaricdəki anti-Azərbaycan qüvvələrin polislə vətəndaşlarımızı üz-üzə qoymaq, cəmiyyətdə nifrət və qarşıdurma toxumları səpmək cəhdləri yol verilməzdir. Bu hadisələrdən kimlərinsə öz çirkin siyasi maraqları üçün sui-istifadə etmək niyyətləri də məkrli mövqedir. Lakin onların məkrli niyyətləri həyata keçməyəcək. Çünki Azərbaycanda dövlət-vətəndaş həmrəyliyi mövcuddur. Bu həmrəyliyi heç bir qüvvə sarsıda bilməz!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri