Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 12-də İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.
Newscenter.az xəbər verir ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Qəbula gələn vətəndaşlar dini icmaların kitablarla təmin edilməsi, dini təyinatlı ədəbiyyatın nəşri, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, habelə digər məsələlərlə bağlı müraciətlər ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Mehman Mehdiyev