Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Göygöldə vətəndaşlarla görüşüb

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Göygöldə vətəndaşlarla görüşüb


Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iyulun 14-də Göygöl Suvarma Sistemləri İdarəsinin inzibati binasında Göygöl, Daşkəsən və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Newscenter.az xəbər verir ki, qəbuldan öncə sədr Zaur Mikayılov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla anıblar.

Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli suya tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sona
Xəbəri paylaş