"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vilnusda keçirilən NATO sammitində Rusiya sülhməramlı kontingenti ilə bağlı səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir. Bu çıxışın NATO sammitində səsləndirilməsi alyansın Cənubi Qafqaz regionunda genişlənmə maraqları ilə üst-üstə düşür".
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Rusiya əksər böyük güclər kimi münaqişə ocaqlarından faydalanan, bu istiqamətdə münaqişə tərəflərinə təsir mexanizmləri qazanan dövlət olduğu üçün Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasında yox münaqişənin qalmasında maraqlıdır və sülhməramlı missiyası çərçivəsində davranışları ilə əsl məqsədlərinin başqa proseslərə hesablandığını hər daim müşahidə etmişik:
"Türkiyə Azərbaycanın müttəfiqi və regionda xüsusi maraqları olan bir dövlət olduğu üçün Rusiyanın Cənubi Qafqazda ənənəvi rolunu qoruyub saxlamasını istəmir və Ərdoğanın çıxışı zamanı ölkə rəhbəri cənab İlham Əliyevində prosesi yaxından izləyir ifadəsini işlətməsi rəsmi Moskvaya Bakı- Ankara strateji müttəfiqliyinin regionda gələcək təsirlərini nümayiş etdirmək üçün hesablanmış gediş idi. İkinci Qarabağ Müharibəsi ilə Türkiyənin regionda daha aktiv siyasət izləməsi və bu istiqamətə hərbi varlığını artırması alyansın maraqları çərçivəsindədir. Çünki Ankara hər daim Cənubi Qafqaz regionunda Rusiya ilə Qərb arasında uzlaşdırıcı güc olub və bu situasiya davam etməkdədir. Gözləntilərimə əsasən Ankaranın təzyiqləri fonunda Rusiya 2025-ci ildə öz missiyasını yekunlaşdırıb müvəqqəti olaraq nəzarət etdiyi ərazilərdən çəkiləcək. Təbii ki bu proses o qədərdə asand yekunlaşacaq bir mövzu deyil. Rusiya separatizmi dəstəkləməklə yeni gərginlik yarada bilər bu istisna deyil. Lakin Azərbaycanın və Türkiyənin artan hərbi əlaqələri Rusiyanı daha ehtiyyatlı davranış sərgiləməyə vadar edir".
Anar Əliyev