Ermənistan silahlı qüvvələrinin təminat bazasının komandiri 19,5 milyon dram (təxminən 50 min dollar) məbləğində rüşvət aldığı üçün həbs edilib.
Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən verilən məlumata görə, V.M. “Masis Qarun Toxuculuq Fabriki” şirkətinin direktorunun maraqlarına uyğun qanunsuz hərəkətlərə görə 19,5 milyon dram rüşvət istəyib və məbləğin bir hissəsini alıb.
Araşdırmaya görə, şirkət 2023-cü ildə Ermənistan müdafiə nazirliyinin tədarükçüsü olub və texniki tələblərə cavab verməyən (kiçik ölçülü) 70 min ədəd alt paltarı təhvil verib. “Buna göz yummaq” üçün hissə komandiri anbar rəisi vasitəsilə şirkətdən rüşvət kimi 12 milyon dram tələb edib.
Sonradan məlum oldu ki, bu birinci dəfə deyil. Analoji “xidmətlərə” görə 6,5 milyon və 1 milyon dram məbləğində rüşvət daha əvvəl, 2022-2023-cü illərdə alınıb. Yenə də söhbət kiçik ölçülü alt paltar və qadın ayaqqabılarının tədarükündən gedirdi. Pul anbar rəisi vasitəsilə hissə-hissə komandirə ötürülürdü.
İyulun 13-də həmin şəxslər saxlanılaraq onlara qarşı ittiham irəli sürülüb. Şübhəlilər həbs edilib.
P.S. İndi bəzi gözüaçıq ermənilər iddia edəcəklər ki, fərarilərin son illərdə məruz qaldıqları məğlubiyyətləri alt paltarlarının dar olması və bunun yaratdığı ağır fəsadlar ilə əlaqədar olub. Xatırladıram ki, N. Paşinyan hakimiyyətə gələnə qədər erməni ordusunda əsgərlərə alt paltar ümumiyyələ verilmirdi. Valideyn göndərirmirdisə, erməni əsgər evdən gəldiyi alt paltarla evə qayıdırdı. Təbii ki, aşsüzənə bənzəyən alt paltarla sağ salamat evə qayıtmaq xoşbəxtliyi də fərarilərin hamısına qismət olmurdu.
Ədalət Verdiyev-hərbi ekspert