Belçika krallığının paytaxtı, Avropanın siyasi beyin mərkəzi Brüsseldə Aİ Şurasının sədri Şarl Mişelin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü ərəfəsində Rusiya sülhməramlı kontingentinin nəzarətində olan Azərbaycan ərazilərində qeyri-qanuni erməni silahlı birləşmələri ordumuzun mövqeylərini atəşə tutur və hava məkanımızda mülki təyyarələrə qarşı REM tətbiq edir.
İlk öncə onu deməkdə fayda var ki, sərnişin təyyarələrinə qarşı radioelektron mübarizə vasitələrinin tətbiqi qəbuledilməzdir. Çünki mülki aviasiya vasitələrində bu kimi sistemlərə qarşı müdaifə qurğuları istifadə edilmir və bu da qəza risqini artırır.
Məsələnin siyasi və hərbi tərəfləri isə aydınlıq tələb edir. Qarşı tərəfin bu kimi addımları artıq ənənə halını alıb. İstənilən görüş öncəsi erməni tərəfinin müəyyən bir gərginlik yaradaraq danışıqlardan yayınmaq cəhdləri edir. Təbii ki, bu tip təxribatlar daha çox Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə həyata keçirilir və heç şübhəmiz yoxdur ki, proseslərin pərdə arxasında onların məramlarından kənar fəaliyyətləri dayanır. Və çox güman ki, separatçıların istifadəsində olan REM sistemləri Rusiya istehsalı RB-341V "Leer 3" radioelektron mübarizə və radiotexniki kəşfiyyat kompleksləridir. Bir maraqlı nüans da ondan ibarətdir ki, separatçı qüvvələr Rusiya hərbçilərinin icazəsi olmadan heç vaxt bu kompleksləri aktiv edib tətbiq edə bilməzlər.
Baş verən proseslər və Kremlin Azərbaycan-Ermənistan danışıqlarına münasibəti onu göstərir ki, Rusiyanın regionda olan maraqları sülhdən, əməkdaşlıqdan yana deyil və 2025-ci ildə onların öz missiyasını yekunlaşdıraraq bölgəni tərk etməsi zəruridir.
Pərviz Mirizadə-AVP sədrinin köməkçisi