Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərbaycanın sülh danışıqları ilə bağlı addımları Brüssel tərəfindən də təqdir olunur”-DEPUTAT

“Azərbaycanın sülh danışıqları ilə bağlı addımları Brüssel tərəfindən də təqdir olunur”-DEPUTAT


"Brüssel görüşündə bir daha aydın oldu ki, Azərbaycanın sülh danışıqları ilə bağlı aydın və məntiqli addımları beynəlxalq hüquqa əsaslanır. Ümumilikdə dialoqun intensivliyi də göstərir ki, danışıqlar prosesində müsbətə doğru hərəkət var".

Newscenter.az-a Milli Məclisin deputatı Könül Nurullayeva Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, Ermənistan Qarabağ və anklav kəndlər də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır, ölkəmizin sərhədlərini qəbul edir:

"Dövlət başçımızın da bəyan etdiyi kimi, Təbii ki, Ermənistan bu nöqtəyə öz xoşu ilə gəlməyib. Azərbaycanın ardıcıl, prinsipial siyasi xətti, təzyiqləri Ermənistanı buna məcbur edib. 6-cı Brüssel görüşündə də Ermənistan növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Humanitar məsələlərə gəlincə, tərəflər bir neçə vacib detalları diqqətdə saxlayıblar. Qarabağın erməni əhalisinin vəziyyəti ilə bağlı məsələ də müzakirə olunub. Lakin burada Ermənistanın iddia etdiyi kimi hər hansı blokada iddiası səslənməyib. Sadəcə, mövcud vəziyyətin tərəflərin marağına uyğun gəlmədiyi qeyd olunub. Situasiyanın dayanıqlı olmamasının əsas səbəbkarı təbii ki, Azərbaycan yox, Ermənistanın destruktiv davranışlarıdır. Çoxsaylı təxribatlar, qanunsuz silah daşınmaları qeyri-stabil vəziyyətin yaranmasına səbəb oldu. Azərbaycanın sərhəddə nəzarət-buraxılış məntəqəsi quraşdırması əslində gərginliyin qarşısını aldı. Çünki erməni təxribatları bölgədə yeni eskalasiya riskini daha da artırırdı. Bu səbəbdən beynəlxalq platformalarda Azərbaycanın yanaşması təqdir olunur, dəstəklənir".

Millət vəkili qeyd edib ki, Brüssel görüşündə həmçinin kommunikasiyaların açılmasına dair də müzakirə davam edib:

"Son iki ayda əldə olunan irəliləyişlər Brüssel tərəfindən də təqdir olunur. Hətta Avropa İttifaqı dəmir yol xəttinin tikintisinə dərhal başalmaq üçün maliyyə töhfəsi verməyə də hazırdır. Bu isə o deməkdir ki, Ermənistanın kommunikasiyaların açılması ilə bağlı manipulyasiya etmək imkanı tükənib".

Könül Nurullayevanın sözlərinə görə, Şarl Mişelin bəyanatında həmçinin sülh və normallaşma danışıqlarına lazımi şəraiti təmin etmək üçün zorakılıq və sərt ritorikanın dayandırılması əsas prioritet kimi qeyd olunur:

"Bu da Ermənistanın intensivləşən təxribatlara son qoymasına dair tələb kimi dəyərləndirilə bilər. Payızda tərəflərin yenidən bir araya gəlməsinə dair razılığını nəzərə alsaq, bu müddəti Ermənistanın dayanıqlı sülh istiqamətində praktik addımlar atması üçün imkan hesab etmək olar. Sadəcə, bu imkanı səmərəli dəyərləndirmək vacibdir. Bunun məsuliyyəti birbaşa Ermənistanın üzərinə düşür".

Ruhiyyə
Xəbəri paylaş