Ölkədə səhiyyədə ciddi dəyişikliklər etmənin ən mühüm məqamlarından biri yetərincə keyfiyyətli həkimin və tibb işçisinin olmamasıdı. Bunu qısa müddətdə həll etmənin isə çox sadə yolları var.
Xaricdə ən az 5 min keyfiyyətli və müasir standartlara uyğun həkimimiz var. Bunun təxminən 1400-ü Almaniyadadır. Bu sayının ən az iki qatı isə Türkiyədə olar yəqin ki. Dünyanın geri qalanlarını da nəzərə alsaq 5 min rəqəminin çox real olduğu aydın olar. Azərbaycan dövləti TƏBİB vasitəsilə bu həkimlərin geri dönüşünu təmin edəcək ciddi maliyyə tədbirlərinin də olduğu böyük bir dövlət proqramı başlada bilər. Ölkədə olan müasir standartlara malik həkimlərlə birlikdə bu həkimlər ölkədə səhiyyə sisteminin yenidən qurulmasında aparıcı rol oynaya bilər.
Yerli və xaricdən gələcək bu həkimlərlə Türkiyə və Almaniyanın qabaqcıl tibbi universitetləri ilə əməkdaşlıq edilərək Azərbaycanda ən az 3 yeni və yüksək standartlı tibb universiteti qurmaq olar. Bakıda və regionlarda olan qabaqcıl klinikalar da bu universitetlərin tibbi texniki və təcrubəvi bazasını təşkil edə bilərlər. Bu işlərin qurulması və səhiyyənin islah edilməsində ölkədəki müxtəlif həkim ictimai quruluşları ilə aktiv əməkdaşlıq edilsə çox faydalı olar.
Ayrıca, ölkədə var olan və ixtisasına görə işləməyən, ancaq ciddi xarici və yerli təcrübəsi olan müxtəlif çoxsaylı həkimlər üçün TƏBİB, Səhiyyə Nazirliyi və TQDK əməkdaşlıgı ilə və Türkiyədə TUS imtahanlarını keçirən əlaqədar qurumlarına dəstəyiylə ixtisas seçimi şansı verən müasir standartlara cavab verən bir TİBB İxtisas imtahanı keçirmək lazımdır. Beləcə ölkədə faktiki durumu rəsmi qaydalarla müasir standartlara cavab verəcək şəkildə tənzimlənməsi və legitimləşməsi, eləcə də mövcud həkim bazasının ehtiyaclara uyğun istifadəsi də təmin edilmiş olar. Bu cür imtahanlardan uğur qazananların maaşlarına ciddi artışlar etmək isə ciddi təşviq metodu olar!
Nazim Cəfərsoy