Yeni tədris ilinin başlanması və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına dəstək olaraq ölkəmizdə "İbtidai Sinif Müəllimlərinin 3-cü Forumu" keçiriləcək.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasından Newscenter.az-a bildirilib ki, forum, Azərbaycan Gənc Müəllimləri Assosiasiyası, “Çinar Yayımları” nəşriyyatı və Təhsil Nəşriyyatının təşkilatçılığı, qardaş Türkiyə Respublikasının Okulistik və Matbeg şirkətlərinin təşəbbüsü ilə baş tutacaq.
"İbtidai Sinif Müəllimlərinin 3-cü Forumu"nun 9 sentyabr 2023-cü il saat 14:00-da Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır.
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Təhsil Millətin Gələcəyidir” mövzusunda keçirilən forumun məqsədi ümumrespublika səviyyəsində ibtidai sinif müəllimlərini bir araya toplamaq, onların əməkdaşlıq və təcrübə paylaşımı etməsinə, eyni zamanda elmdə müasir yanaşmalarla tanış olmalarına imkan yaratmaqdır.
R.Mehdiyeva