Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2025-ci ildə Rusiya sülhməramlılarının Qarabağdan çıxmasının vacibliyi barədə açıqlamasından sonra Moskva Bakıya qarşı bir qədər aqressiv münasibət sərgiləyir. Onun Qarabağdakı sülhməramlı kontingenti isə indi əvvəlkindən daha çox separatçılara dəstək olur, onları himayə edir. Elə bu səbəbdəndir ki, Azərbaycan cəmiyyəti birmənalı olaraq sülhməramlıların 2025-ci ildə mütləq ölkə ərazisindən çıxmasını tələb edir. Elə hərbi ekspert Ədalət Verdiyev də bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, Ədalət Verdiyev bildirib ki, əgər Rusiya və Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıbsa, Azərbaycan isə ən geci Rusiyanın 2025-ci ilin sonunda ərazisindən getməsini tələb edəcəyi şübhə doğurmursa, o zaman rus kontingent indidən əşya çantalarını toplamağa başlaya bilər:
"Rusların ərazimizdə birgə Bəyanatla təyin edilən müddətdən artıq qalması üçün nə mənəvi, nə hüquqi əsasları mövcud deyil".
Ekspert bildirib ki, rus kontingentin son əsgərinin ərazimizdən çıxdığı gün ən möhtəşəm bayramlarımızdan biri olacaq:
"Şəhidlərimizin əziz ruhu anılacaq, qəhrəman döyüşçülərimizin iştirakı ilə Qurbanlar kəsiləcək, qazanlar qaynacaq. Atəşfəşanlığın və çal-çağırın əks sədası dünyaya səs salacaq. Ali Baş Komandanımız, qəhrəman Silahlı Qüvvələrimiz və qalib xalqımız sayəsində yazdıqlarıma zərrə qədər şübhəm olmayıb, indi də yoxdur, gələcəkdə də olmayacaq".
Anar Əliyev