Ətraf mühit, insanların qeyri-sağlam qidalanması, zamanında həkimə müraciət etməmək adətən insanlarda bu və ya digər xəstəliklərin meydana çıxmasına səbəb olur.
Son illər tibbdə tez-tez rast gəldiyimiz xəstəliklər sırasında parkinson xəstəliyinin də adı keçir. Bəs, görəsən bu xəstəliyin əsas xarakterik xüsusiyyətləri hansılardır?
Yeni Nəslə Psixoloji və Sosial Dəstək İctimai Birliyinin sədri, psixoloq Ülviyyə Murtuzova Newscenter.az-a bildirib ki, parkinson xəstəliyi altsheymerdən sonra ən çox müşahidə olunan neyrodegenerativ pozuntudur. Psixoloqun sözlərinə görə, sözügedən xəstəlik qadınlarda kişilərlə müqayisədə daha çox müşahidə olunur:
"Xəstəliyin əsas xarakterik xüsusiyyətləri tremorlar və ya qatılaşmış hərəkətlərdir. Əsas səbəbi beynin müəyyən nöqtəsində dopamin neyronlarının itirilməsidir. Dopamin neyronları itdiyi zaman insan kontrollu və axıcı şəkildə hərəkət etmə bacarığını itirir".
Ülviyyə Murtuzova deyib ki, bu, xəstəliyin irəliləyən dönəmlərində başqa pozuntular müşahidə oluna bilər:
"Maraqlı məqam ondan ibatətdir ki, xəstəlik siqaret çəkən insanlarda çəkməyənlərlə müqayisədə daha az müşahidə olunur. Son vaxtlar bu xəstəliyin terapiyasında kök hüceyrələrdən istifadə edərək müəyyən nəticələr əldə edirlər".
Anar Əliyev