İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani iyulun 18-də ölkəmizə işgüzar səfərə gəlib. Azərbaycan hökumət nümayəndələri tərəfindən rəsmi olaraq qarşılanan qonaq ölkə başçısı İlham Əliyevlə görüşüb. Görüş zamanı Azərbaycanla ikitərəfli münasibətlərin və qarşılıqlı əməkdaşlığın gələcək inkişaf yollarının perspektivləri müzakirə olunub.
Sözügedən səfər barədə fikirlərini bölüşən siyasi ekspert Çingiz Şahbazi Newscenter.az-a deyib ki, bu ilin fevral ayında İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin də qatıldığı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Bərzani arasında baş tutan görüşdə indiki Bakı səfərinin təməli qoyulub:
"Qurulmaqda olan münasibətlərin perspektivləri əsasən iqtisadi məsələlərdən ibarətdir. Burada enerji resursları ilə bərabər, həmçinin enerji resursları dəhlizi layihəsi ətrafında müzakirələr əsas məqsədlərindən biri olaraq üzərində işlənilir. Bundan başqa İrak Kürdüstan Regionu ilə Azərbaycan arasında münasibətlərin qurulması və inkişaf etdirilməsi istiqamətində atılan addımlar Türkiyənin maraqları baxımından da bizə əsas verir ki, biz bu münasibətlərin qurulmasına xüsusi diqqət yetirməliyik".
Ekspert onu da diqqətə çatdırıb ki, Münhen Təhlükəsizlik Konfransına dəvət alan İraq Kürdüstan Regionunu, Kürd muxtariyyatının müstəqil olma şansını da özündə əks etdirir və məhz bu onların sahib olduğu enerji resurslarının Avropa bazarlarına çıxarılması üçün vacib hesab edilir:
"Burada həmçinin Avropa ilə paralel olaraq Türkiyənin də iqtisadi baxımdan maraqları mövcuddur. Bu maraqlar Türkiyəni bölgədə geosiyasi baxımdan daha güclü olmağa məcbur edir və məhz bu səbəbdən Azərbaycan və İraq Kürdüstan Regionu arasında münasibətlərin qurulması bizə, eyni zamanda qardaş Türkiyəyə də faydalıdır və vacibdir. Bu baxımdan ölkə başçısının Bərzanini ölkəmizə dəvət etməsi və əlaqələrin genişləndirilməsi istiqamətində atdığı addımlar təqdirdə layiqdir".
Anar Əliyev