Yeni Azərbaycan Partiyasının (YAP) “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda keçirdiyi fərdi yazı müsabiqəsinin nəticələri açıqlanıb.
Newscenter.az xəbər verir ki, müsabiqə şərtlərinə uyğun olaraq üç nominasiyanın hər biri üzrə bir nəfər I, bir nəfər II, bir nəfər III yer üzrə qalib olub.
“Tənəzzüldən intibaha: SSRİ dönəmində Azərbaycanın yüksəlişi” adlı birinci nominasiya üzrə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) redaksiya müdiri Abbasəli Yadigarov I, “Səs” qəzetinin müxbiri Lalə Mehralıyeva II, “Xalq cəbhəsi” qəzetinin müxbiri Əli İbrahimov III yerə layiq görülüblər.
“Qurtuluşdan tərəqqiyə: müstəqillik dövründə Heydər Əliyevin yeni və müasir dövlət quruculuğu” adlı ikinci nominasiya üzrə “İki sahil” qəzetinin bölmə müdiri Elçin Namazov I, “Şərq qapısı” qəzetinin müxbiri Ramiyə Əkbərova II, “Kaspi” qəzetinin müxbiri Rufik İsmayılov III yerin qalibi olublar.
“Tərəqqidən Zəfərə: Heydər Əliyev ideyaları ilə yeni zirvələrə doğru” nominasiyasında isə “Yeni Azərbaycan” qəzetinin müxbiri Mübariz Abdullayev I, “Azəri Press Agentliyi”nin redaktoru Ramiz Cürənov II, “moderator.az” saytının redaktoru Seymur Əliyev III yer üzrə qalib adını qazanıblar.
Qeyd edək ki, çap mətbuatı ilə yanaşı, onlayn media subyektlərinin təmsilçiləri, regionlarda fəaliyyət göstərən mətbu orqanların nümayəndələri də müsabiqəyə maraq göstəriblər. Təqdim olunmuş yazılarda Ümummilli Lider Heydər Əliyevin həyat yoluna, xalqımız qarşısında müstəsna xidmətlərinə, zəngin dövlətçilik irsinə, əbədiyaşar ideyalarına nəzər salınıb, önəmli faktlar və maraqlı məqamlar diqqətə çatdırılıb.
Yazıların qiymətləndirilməsi zamanı mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi və məsuliyyəti, dövlətçilik maraqlarının müdafiəsi kimi meyarlar əsas götürülüb.
R.Mehdiyeva