Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) müşahidə missiyası 2023-cü il iyulun 23-də Kamboca Krallığında keçiriləcək parlament seçkilərini müşahidə edəcək.
Newscenter.az-a partiyadan daxil olan xəbərə görə, ICAPP-ın baş katibi Ahn Myung-soo və təşkilatın Daimi Komitəsi sədrinin müavini, Kamboca Krallığı Milli Assambleyası sədrinin müavini xanım Xuon Sudari ICAPP Daimi Komitəsinin üzvü olan Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının rəhbəri Tahir Budaqovu da seçkiləri müşahidə etmək üçün səfərə dəvət ediblər.
2023-cü il 19-24 iyul tarixlərini əhatə edəcək səfər çərçivəsində ICAPP müşahidə missiyasına daxil olan nümayəndələr Kamboca Krallığının baş naziri, Kamboca Xalq Partiyasının prezidenti Hun Sen, digər rəsmi şəxslər və ölkədəki müxtəlif partiyaların rəhbərləri ilə görüşlərdə və seçki prosesinin müşahidəsinin nəticələri ilə bağlı brifinqdə iştirak edəcəklər.
ICAPP-ın müşahidə missiyasının tərkibinə YAP üzvü, “Millennium Tourism & Congress DMC”nin həmtəsisçisi və baş icraçı direktoru, ICAPP Biznes Şurasının üzvü Ruslan Quliyev də daxildir.
R.Mehdiyeva