Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğanın Körfəz ölkələrinə səfəri təkcə qardaş ölkə deyil, eyni zamanda dünyada diqqət mərkəzindədir. Bir çoxları hesab edir ki, ciddi maliyyə durumu ilə üzləşən Türkiyə üçün bu səfər bir qədər uduşlu olacaq. Elə ekspertlər də bunu istisna etmirlər.
Newscenter.az-ın xəbərinə görə, AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın körfəzin üç aparıcı dövlətinə, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirliklərinə təşkil etdiyi işgüzar səfər özünün məhsuldarlığı ilə diqqət çəkir. Onun sözlərinə görə, enerji mərkəzi kimi xarakterizə olunan körfəzin siyasi mühiti Türkiyə üçün yeni çağırışlar yaradır:
"Mənzərə isə belədir. Rusiya və Səudiyyə Ərəbistanının regionda ABŞ-a qarşı vahid cəbhədə mübarizə aparması, Çinin Körfəz regionunda artan siyasi-iqtisadi varlığı və bölgə ilə bağlı ambisiyaları, İsrailin Ərəb dövlətləri ilə yaxınlaşmaq cəhdləri, Çinin vasitəsilə İranın körfəz dövlətləri, xüsusilə Səudiyyə krallığı ilə münasibətləri bərpa etməsi bu çağırışlar hesab edilə bilər. Bütün bu proseslər regionda geosiyasi mübarizənin şiddətini göstərir və səfərin əsas məqsədi Türkiyənin yeni çağırışlar fonunda özünə mövqelər qazanmaq istəyidir".
Pərviz Mirizadə deyib ki, səfərin mənzərəsi investisiya yatırımları ilə yadda qalsa da, hərbi-texniki satışlar Ankaraya körfəz üzərində hərbi üstünlük qurmaq imkanları qazandırır:
"Bu da Türkiyə üçün vacib bir nüansdır. İqtisadi istiqamətdə əldə olunan razılaşmaların məbləği isə dodaq üçuqladan dərəcədirdir və bunun Türkiyə iqtisadiyyatına müsbət təsirlərini yaxın zamanda aydın şəkildə müşahidə edəcəyik".
Anar Əliyev