Bu günlərdə Bakıda Nizami Kino Mərkəzində "Şəhidlər Zirvəsi” adlı sənədli filmin təqdimatı keçirilib. Newscenter.az xəbər verir ki, Nəqşicahan Mədəniyyət mərkəzinin və bir çox layihələrin, bəstələrin müəllifi Fərahim Sadiqin təşkilatçılığı ilə baş tutan təqdimatda şəhid ailələri, qazilər, respublikanın ictimai-siyasi xadimləri və s. iştirak edib. Filmin təqdimatına həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranlarinin, Mədəniyyət Nazirliyinin və Nizami Kino Mərkəzi təşkilati dəstək verib.
Tədbir barədə məlumat verən Nəqşicahan Mədəniyyət mərkəzinin solisti Çilənay Hüseynova deyib ki, film Qarabağ müharibəsində iştirak edən qəhrəman oğullarımıza həsr edilib.
Təqdimat zamanı vətənpərvər mahnıları ilə əksəriyyətin könlündə taxt qurmuş Şəmistan Əlizamanlının ifasında torpağa, Vətənə həsr olunmuş mahnılar səsləndirilib, Azərbaycan xalqının qəhrəmanlıq tarixindən, 44 günlük tarixi zəfərimizdən söhbət açılıb. Həmçinin, təqdimatda iştirak edən qazilər öz döyüş yollarından bəhs ediblər.
Qeyd edək ki, "Şəhidlər Zirvəsi" sənədli filminin ideya müəllifi Vahid Şahsuvarovdur.
NEWSCENTER.AZ