Paytaxtdakı ümumi təhsil məktəblərində valideynlər üçün növbəti “Yay məktəbi” təşəbbüsünə 32 nömrəli tam orta məktəb də qoşulub.
Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə keçirilən 'Yay məktəbi"nin budəfəki təlimi də maraqlı mövzular və əyləncəli proqramlarla zəngin olub.
BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə və Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova “Qiymətləndirmənin və dəyərləndirmənin insan həyatında rolu” mövzusunda valideynlərlə qarşılıqlı fikir mübadiləsi apararaq maraq doğuran məsələlərə aydınlıq gətirib, valideynlərin suallarını cavablandırıblar. Təşkil olunan intellektual-əyləncəli oyunlar da valideynlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Valideynlər üçün təşkil olunan “Yay məktəbi”nin keçirilməsində əsas məqsəd uşaqlarla yaş dövrünə uyğun davranışla bağlı valideynləri maarifləndirmək, şagirdlərin təhsil nailiyyətlərinin artırılması baxımından məktəb-valideyn əməkdaşlığını müzakirə etmək, yeni tədris ilində qarşıya qoyulan hədəflərlə bağlı valideynləri məlumatlandırmaq, həmçinin məktəb-valideyn münasibətlərini təkmilləşdirmək, məktəbdaxili proseslərə valideynlərin cəlb olunmasına dair fikir mübadiləsi aparmaq, effektiv məktəb mühitini formalaşdırmaq və məktəbin nüfuzunun artırılmasına nail olmaqdan ibarətdir.
R.Mehdiyeva