“Xankəndidə separatçıların şou xarakterli aksiyaları nəticəsiz qaldıqca hər yerdən ümidləri kəsilən ermənilər üçün manevr imkanları tükənir. Gülməli aksiyalarla gündəm yaratmaq istəyi onların siyasi ambisiyalarının da üstündən xətt çəkir”.
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, güclü Azərbaycan dövləti qarşısında aciz qalmış erməni toplumu çarə axtardıqca daha da batır:
“Nə Ermənistan, nə də Qarabağın separatçı sürüsü artıq Azərbaycana güclərinin çatmadığını etiraf etmək məcburiyyətində qalıb”.
Politoloqun sözlərinə görə, proseslər sona doğru yaxınlaşdıqca son şoularını oynayan separatçılar nəticənin onların xeyrinə olmayacağını bildikləri üçün dünya ictimaiyyətini öz həyatları ilə təhdid edirlər:
“Guya bunlar öləcək, amma Azərbaycanın tərkibində olmağa razı olmayacaqlar. Bunun oyun olduğu bir neçə müddətdən sonra hər kəsə aydın olacaq. Baxaq görək "aclıq və blokada" vəziyyətində bunlar neçə müddət sağ qalacaqlar. Onların dediyi kimidirsə, tezliklə "acından ölənlərin" xəbərləri gəlməlidir. Ancaq keflərindən qalmayan ermənilər görək bu yalan üzə çıxmasın deyə neçə ermənini qurban verəcək. Təbii ki, heç kim buna razı olmayacaq və beləliklə bu yalan da ifşa olunacaq. Ondan sonra özləri bizə yalvaracaq”.
Anar Əliyev