"Moskvanın, sülh danışıqları prosesinin hər hansı mərhələsində iştirakından müsbət nəticələr gözləmək mənasızdır. Həmçinin, bu danışıqlardan nəticə gözləyən çox az faiz siyasət adamı ola bilər".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, Rusiya bu məsələdə sülhün bərqərar olmasına öz köməyini göstərmir:
"Əksinə münaqişənin davam etməsində maraqlıdır və çalışır ki, bacardığı qədər münaqişənin davam etmə prosesi uzunömrlü olsun. Çünki, Rusiya Cənubi Qafqazda geosiyasi maraqlarını təmin etmək üçün məhz münaqişə ocaqlarını saxlamağa çalışıb və bu siyasət indi də davam etməkdədir. Qısacası Rusiyanın sülhməramlı qüvvələrinə və sülh danışıqları prosesindəki araçılığına inanmaq sadəlövhlük olardı. Bununla yanaşı Rusiyanın niyyətləri hər kəsə bəllidir. Bütün bunlara baxmayaraq, heç də Rusiyanın bölgədə apardığı siyasətdə istədiklərini asanlıqla əldə edə biləcəyi qənaətinə də gəlmək lazım deyil. Münaqişənin sona çatdırılmasında Qərb-ABŞ və Türkiyənin ciddi şəkildə sabit siyasəti mövcuddur və bu siyasət hər gün Rusiyanın Cənubi Qafqazda və digər süni şəkildə yaratdığı münaqişə ocaqlarında təsirini zəiflətməkdədir. Sözsüz ki, bu proseslərdə Azərbaycan və Ermənistan hökumətlərinin üzərinə ciddi şəkildə məsuliyyət və iradə düşür".
Çingiz Şahbazi deyib ki, zamanla bu iradənin şahidi oluruq, amma Ermənistan tərəfinin mövqeyində bəyanatlarına və imzalarına qarşı mərkəzdən qaçma, eləcə də siyasi hörmetsizliklərin şahidi oluruq:
"Sözsüz ki, Azərbaycandan fərqli olaraq Ermənistanın siyasi dairələrində Rusiyanın təsiri böyükdür və Ermənistanın atdığı addımların bir qismində də Rusiyanın təsirini qeyd etmək mütləq lazımdır. Hər şeyə rəğmən Rusiyanın üzərində qurulan beynəlxalq siyasət mütləq öz təsirini göstərir və bu səbəbdən Ermənistanın əsas dayağı hesab edilən Rusiya, münaqişənin davam etməsindən əlini çəkməyə məcbur qalacaqdır. Burada Azərbaycanın ortaya qoyduğu yeni reallıqlar, haqlı mövqeyi və beynəlxalq hüququ əsas alması, bu münaqişənin sonda bizim haqlı tərəf kimi qalib olmağımıza imkan verəcək".
Anar Əliyev