"FETO-nu dinə və yaxud da hansısa mollaya bağlamaq və ona aid etmək ya məlumatsızlıqdan qaynaqlanır, ya da bu addım insanları çaşdırmaqdan başqa bir şey deyil. FETO Türkiyə dövlətinə və dövlətlərinə qarşı ABŞ-ın hazırladığı təşkilatdır və bu təşkilatın ABŞ-ın himayəsində və nəzarətində hərəkət edən bir təşkilat olduğunu Türkiyə dövləti artıq bütün detalları ilə sübuta yetirmişdir".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, bu təşkilatın Orta Asiya ölkələrində və Azərbaycanda fəaliyyət göstərməsi təəccüblü deyil və xüsusilə də bu adamlar xalq arasında savadlı, bacarıqlı və xalqın etimadını qazanmış şəxslərdən olması daha çox ehtimalları özündə əks etdirir:
"Biz bütün məsələlərdə dövlətimizin yanında durmağı bacarmalı və ona inanmalıyıq. ABŞ və Avropa ölkələri, Rusiya, İran və sairə ölkələr və siyasi dairələrin maraqlarına xidmət göstərənləri və sifarişlər həyata keçirənləri bilərək və bilməyərək qorumaq, onlar haqqında dövlətin hər hansı bir əməliyyatını şübhə altına almaq və yaxud da tələskənlik edərək nəsə söyləmək bizim dövlətimizə olan inamı və sayğını ictimaiyyət arasında azaldılmasına hesablanmış addım hesab edilə bilər. Məhz bu məsələdə dövlətimizin verdiyi qərar bizim hər birimiz üçün vacibdir və önəmlidir".
Anar Əliyev