Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxılıb.
Newscenter.az xəbər verir ki, bu barədə onun vəkili Elnur Vəliyev məlumat verib.
Onun sözlərinə görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Məhkəmə Q.Səmədovun xəstəliyi ilə əlaqədar olaraq cəzasının çəkilməmiş hissəsindən azad edib.
Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib.
O, həbsdə olduğu müddətdə 4 dəfə ürəyindən əməliyyat edilib.