TRT-nin yeni rəqəmsal platforması “tabii”nin orijinal istehsalı olan “1973: Biltmore Oteli Cinayəti” ABŞ-da qətlə yetirilərək şəhid olan iki türk diplomatın hekayəsini ekrana gətirir.
Newscenter.az xəbər verir ki, təlmdə keçmişi müxtəlif cinayətlərlə dolu olan 78 yaşlı erməninin həyata keçirdiyi və 1985-ci ilə qədər 58 türk vətəndaşının qətlə yetirilməsi hadisələrini alovlandıran cinayət bütün aspektləri ilə işlənir.
ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) hesabatlarında yer alan məlumatlara əsasən hazırlanan 6 hissəli yarı sənədli film “tabii” tamaşaçılarına təqdim edilib.
“1973: Biltmore Oteli Cinayəti”nin ssenari müəllifi, eyni zamanda Daily Sabah qəzetinin baş redaktoru olan İbrahim Altay Türkiyənin yaxın tarixində çox bilinməyən bir hadisənin yenə bilinməyən tərəflərindən bəhs etdiklərini vurğulayaraq “ASALA və JCAG başda olmaqla Erməni terror təşkilatları bir çox diplomatımızı şəhid edib. Biz bu hadisələrin başlanğıcından bəhs edirik. Hələ bu terror təşkilatları qurulmamışdan əvvəl Gurgen Yanıkyan adlı bir terrorçu 1973-cü ildə Los-Ancelesdəki baş konsulumuzu və köməkçisini şəhid edir. Biz bu hadisəni çatdırırıq”, – deyib.
1973-cü ildən sonra illərlə davam edəcək terror dalğasının toxumlarının bu hadisə ilə atıldığını qeyd edən İ.Altay filmin ssenarisini yazarkən FTB hesabatlarını araşdırdıqlarını və bu zamana qədər diqqət çəkməyən qəribəliklər aşkar etdiklərini söyləyib.
Diplomatları şəhid edən erməni terrorçu Gurgen Yanıkyanın erməni diasporu tərəfindən də sevilmədiyinə diqqət çəkən İbrahim Altay “İki cəmiyyət arasında nifrət toxumu səpən və illər boyu davam edəcək terror dalğasının başlamasına səbəb olan belə bir hadisədə bu qəribəlikləri aşkar etdikdə bu mövzunun işlənməyə dəyər olduğunu düşündük”, – deyə bildirib.
İ.Altay filmdə Türkiyədəki ermənilərin nümayəndəsi olan erməni patriarxının da müsahibəsinə yer verildiyini qeyd edib:
“Təbii ki, fanatiklər, erməni lobbisindəki radikallar bizim bu səylərimizdən narahat ola bilər. Lakin biz həqiqətə sadiq qaldığımız üçün ekran işimizi asanlıqla insanların təqdirinə təqdim edə bilirik. Yenə həqiqətə sadiq qaldığımız üçün sənədlərimizin diqqətlə araşdırılmasını istəyirik. Hadisələri çatdırma formamız sorğu sual edilsin. Biz bu məsələdə çox diqqətli olduq, ona görə də düşünürəm ki, səylərimiz müsbət nəticə verəcək”.
Filmin rejissoru Şevki Es də Türkiyədə indiyə qədər sınanmayan bir layihəyə imza atdıqlarına diqqət çəkib.
“Hekayəni ilk oxuyanda hələ ssenarisi yox idi. Açığı, o zaman “bunu necə edəcəyəm” dedim. Çünki çox çətin idi. Yəni Türkiyədə çəkiliş aparmalı idik. Türkiyədə bir Amerika yaratmalı idik. Bu bizim üçün həqiqətən çətin bir proses idi. Daha sonra ssenari gəldiyi zaman bunu bacara biləcəyimə inandım”, – Ş.Es vurğulayıb.
Dramı bol yarı sənədli film çəkdiklərini qeyd edən Şevki Es bu sözləri deyib:
“Filmimiz sənədli dram filmidir, amma məncə bir az daha fərqli üslubu oldu. İstifadə etdiyimiz dialoqların, epizodlardakı dialoqların 70 faizi real dialoqlardı. Məncə bu cür layihələr Türkiyədə davam etməlidir. Bu, insanlara həqiqətən nələrisə çatdıra bilən və obyektiv baxa bilən hekayələrin davam etməsi üçün çox əhəmiyyətli bir layihə idi”.
Produsseri Fatih Mahmut Altay olan, məkan, kostyum və dekor kimi bir çox elementin hadisələrin baş verdiyi 1970-ci illərə uyğun olaraq xüsusi olaraq hazırlandığı “1973: Biltmore Oteli Cinayəti” yarı sənədli filminin mövzusu belədir:
“Cümhuriyyət tarixində ilk dəfə 1973-cü ildə Los-Ancelesdə iki türk diplomat əvvəldən planlanmış cinayətin qurbanı olur. Qətli törədən erməninin məqsədi məhkəmədə 1915-ci il hadisələri üzərindən tarixin yenidən mühakimə olunmasıdır. Lakin həqiqət üzə çıxdıqca heç bir şey cinayətkarın planlaşdırdığı kimi getmir və cinayət cəzasız qalmır. 1973-cü ildə Yanıkyanın atdığı güllələr təkcə Mehmet Baydar və Bahadır Dəmiri öldürmür, həmçinin illərcə davam edəcək terror dalğasını alovlandırır. Hücumlar 1973-cü ildən 1985-ci ilə qədər aramsız olaraq davam edir. Erməni terror təşkilatlarının əməlləri nəticəsində 31 diplomat və ailə üzvləri də daxil olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı həyatını itirir”.
Filmin bütün seriyalarını “tabii” tətbiqindən və ya “www.tabii.com” saytında izləmək mümkündür.
R.Mehdiyeva