“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə əlaqədar 21-23 iyul tarixlərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumun təşkili prosesində fərqlənən bir qrup “MEDİA Könüllü”sü “Təşəkkürnamə”yə layiq görülüb.
Newscenter.az quruma istinadən bildirir ki, “Təşəkkürnamə”ləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov könüllülərə təqdim edib.
Əhməd İsmayılov “MEDİA Könüllü”lərinin Şuşa Qlobal Media Forumun təşkilinə verdikləri dəstəyin böyük əhəmiyyət kəsb etdiyini, onların xüsusi fədakarlıqla çalışdıqlarını qeyd edərək könüllü gənclərə peşə və karyera ilə bağlı tövsiyələrini ifadə edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra könüllülər Forum barədə təəssüratlarını bölüşüb və gördükləri işlər barədə məlumat veriblər. Şuşa Qlobal Media Forum barədə könüllülər tərəfindən hazırlanan videoçarx nümayiş olunduqdan sonra “Təşəkkürnamə”lər təqdim edilib.
Xatırladaq ki, 21-23 iyul tarixlərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin, Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib. Üç gün müddətində Forum iştirakçıları üçün müxtəlif beynəlxalq layihələrin təqdimatı, sərgilər, mədəni tədbir, fotoqraf və televiziya jurnalistləri üçün təlimlər təşkil edilib, Forum gedişində çoxsaylı əməkdaşlıq müqavilələri imzalanıb.
Forum müddətində gənclərin təcrübi biliklərinin artırılmasına, yaradıcı-innovativ potensialının stimullaşdırılmasına şərait yaradılıb, onların fərdi və peşəkar inkişafına dəstək göstərilib.
R.Mehdiyeva