Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu bir terror cəhdidir və Azərbaycan öz layiqli cavabını verməlidir -ÖZƏL

Bu bir terror cəhdidir və Azərbaycan öz layiqli cavabını verməlidir


Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycanın hava məkanına müdaxilə halları davam edir. Məlumata görə, separatçılar tərəfindən edilən müdaxilə yerli deyil, eyni zamanda beynəlxalq uçuşlar həyata keçirən təyyarələrə də tətbiq olunur. Belə ki, iyulun 24-ü Bakı-Füzuli marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə saat 10:49-dan 11:16-dək, iyulun 25-i Budapeşt-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Çexiya Hava Yollarının C-680 tipli sərnişin təyyarəsinə saat 14:48-dən 15:25-dək və iyulun 27-i Bakı-Qəbələ və əks istiqamətdə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə saat 14:08-dən 14:30-dək və saat 15:04-dən 15:26-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.

Newscenter.az-ın xəbərinə görə, sözügedən məsələ ilə bağlı münasibətini bildirən “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, bu artıq bir terror cəhdidir və Azərbaycan tərəfi terrorçuya öz layiqli cavabını verməlidir:

“Əks halda qarşıda daha ciddi və arzulamadığımız hadisələr baş verə bilər. Heç bir güzəşt etmədən separatçıların Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə quraşdırdıqları qurğular Azərbaycanın hərbi hava qüvvələri, yaxud raket zərbələri vasitəsilə məhv edilməldir”.

Arzuman Muradlı onu da qeyd edib ki, Azərbaycanın xəbərdarlıq mesajları Beynəlxalq Aviasiya Təşkilatı tərəfindən də ciddiyə alınmalı və separatçıların Azərbaycanın hava məkanına müdaxilə cəhdlərinin qarşısının alınmasına sözügedən beynəlxalq təşkilat, ümumən dünya birliyi öz ciddi reaksiyasını bildirməlidir:

“Çünki təkcə Azərbaycan daxilində hərəkət edən təyyarələr deyil, eyni zamanda beynəlxalq daşımaları həyata keçirən sərnişin təyyarələrinə də müdaxilə cəhdləri olub. Bu yüzlərlə insanın həyatına qarşı həyata keçirilən terror cəhdidir və mütləq bu cəhdin qarşısı alınmalıdır”

Anar Əliyev
Xəbəri paylaş