Ermənistanın dərdi subyektivlik axtarışlarıdır. Məsələ ondadır ki, Azərbaycanın əzici gücü qarşısında aciz qalan Ermənistan subyektivlik əldə etməyə çalışır. Erməni tərəfi qeyd edir ki, Azərbaycan tərəfi istədiyini edir, biz isə buna baxmaqla kifayətlənirik. Biz də elə status əldə etməliyik ki, Azərbaycanın tələbləri qarşısında nisbətən duruş gətirə bilək. Bu baxımdan subyektivlik, yəni özlərini təsdiq edən statusa sahib olmaq istəyirlər.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, yardım adı altında humanitar aksiyanı təşkil etməklə ermənilər yaxşı bilir ki, bu istəklərinə nail ola bilməyəcəklər, amma beynəlxalq təzyiq və qınaq yolu ilə Azərbaycan üzərində hansısa təzyiq gücünə sahib olacaqlar və danışıqlarda bundan istifadə edəcəklər:
"Odur ki, görüntü xatinə bu tip aksiyaların dozası getdikcə artacağı şübhəsizdir. Süni gərginlik yolu ilə Azərbaycanı təzyiq altında saxlamağa çalışacaqlar. Kütlə şəklində sərhəddə aksiyalar gözləniləndir. Beynəlxalq səviyyədə hay-küy yaratmaq istəyirlər ki, Azərbaycanın mövqeyini zəiflətsinlər".
Azər Qasımovun qənaətincə, görünən odur ki, sülh danışıqlarında ciddi təzyiqlə üzləşən Ermənistan və havadarları bu yolla Azərbaycandan güzəşt qoparmaq istəyirlər. Azərbaycan üçün belə addımların əhəmiyyəti olmasa da, beynəlxalq təzyiq baxımından təhlükəlidir. Qismən nəticə görsələr, ermənilər daha da aqressivləşəcəklər:
"Heç nəyə nail olmamaq da ermənilər üçün nəticə olacaq. Onun üçün Azərbaycan ermənilərin blokada yalanlarını kəsmək üçün addımlar atmalıdır. Azərbaycan özü yardım yox, beynəlxalq təşkilatlara Qarabağ ermənilərinə yardım etmək üçün öz ərazisindən kampaniya başlatmalıdır. Qoy həmin blokada deyən təşkilatlar gəlib Azərbaycan ərazisindən erməniyə yardım aparsınlar".
Anar Əliyev