Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may-iyul ayları ərzində rayonun Rəstəcə və Məlikballı kəndləri ərazisində yerləşən 6 fərdi təsərrüfatdan 54 baş xırdabuynuzlu və 4 baş iribuynuzlu heyvan, eləcə də 9 rəst at oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 40000 manata yaxın maddi ziyan vuran üç nəfər saxlanılıb. Araşdırmalarla onların Göyçay rayon sakini Natiq Süleymanov, Ucar rayon sakinləri Səməd Hüseynov və Amil Nəsirov olduqları müəyyən edilib.
Newscenter.az xəbər verir ki, həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, N.Süleymanov və S.Hüseynov aprel ayında Ağdaş rayonunun Xosrov kəndində yerləşən bir təsərrüfatdan 35 baş xırdabuynuzlu heyvan, may ayında isə Göyçay rayonunun Çərəkə kəndində yerləşən iki təsərrüfatdan 28 xırdabuynuzlu və 2 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vurublar.
Üç rayon ərazisindən ümumilikdə 132 heyvan oğurlayan həmin şəxslər heyvanların yarısını dəyərindən ucuz qiymətə sataraq əldə etdikləri pulları öz aralarında bölüblər. 66 baş xırdabuynuzlu heyvan isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb və zərərçəkmişlərə geri qaytarılıb.
Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Onların digər analoji cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.
Mehman Mehdiyev