Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnformasiya texnologiyalarının cəmiyyətə gətirdiyi mühüm zərərli vərdişlərdən biri də real insanlararası kommunikasiyanın azalmasıdır

İnformasiya texnologiyalarının cəmiyyətə gətirdiyi mühüm zərərli vərdişlərdən biri də real insanlararası kommunikasiyanın azalmasıdır


Səmimiyyət elə bir məfhumdur ki, bir növü insanın şəxsiyyət vəsiqəsi belə sayıla bilər. Çünki bu məfhumla hər birimiz özümüzü cəmiyyətə təqdim edirik. Səmimiyyəti çox olan insanın təbii ki, təqdim etmə seçimləri də kifayət qədər olacaq. Təəssüf ki, müasir dövrümüzdə bu cür insanların sayı günü-gündən azalır. Cəmiyyətin əksər hissəsi üzə ələk tutmaq mövqeyini seçir. Özü də bu seçim o qədər inkişaf edib ki, həyasızcasına qatığın rənginin nə vaxtsa qara olduğunu görmüşəm deyən belə insanlar var.

Görəsən, müasir insan niyə səmimiyyətdən uzaqlaşır? Onları buna vadar edən nədir? Mənim fikirimcə buna təsir edən səbəblərdən birinin insanların maddi durumunun aşağı olmasıdır. Öncəki toplumlarda da səmimiyyətin böyük qıtlığı vardı (demərəm, bəlkə arxaik dünyada, məsələn, hindularda səmimiyyət normal hal olub). Çağımızda zəngin toplumlarda səmimiyyətin çəkisi xeyli artıb. İnsanın dolanışığı yaxşı olanda, azadlığı yüksək olanda başqalarının yanında ikiüzlülük etməyə gərəyi xeyli azalır.

Biz və bizim halda olan toplumlar daha çox aldadır. Nəinki aldadır, hətta bir-birimizə necə aldatmağın mətnini də öyrədirik. Gəzdiyi qızı atmaq istəyən oğlana dostları deyir ki, filan şeyləri deyərsən. Ana dərsə gecikməli olan uşağına mətn verir: “müəllimə deyərsən ki…”.

Hərçənd yalan deyən mədəniyyətlərdə milli adətlərdə görə yalan birində asan, o birində çətin, birində nisbətən az, o birində nisbətən çox ola bilər. Məsələn, bizim toplumda qeyri-səmimi ruhanilər, “möminlər” baş alıb gedir, deməli, dini mədəniyyətimizdə bunun qarşısını alan mexanizm yoxdur. Çox xristian ölkələrində isə var.

Toplumda, ata-ana-uşaq, ər-arvad münasibətlərinə çoxlu “olmazlar”, yəni yasaqlar olanda ikiüzlülük də artır. Bütünlükdə, müəyyən dərəcəyə çatan iki-üzlülük, bir rus alimi (Çernov) demişkən, mədəniyyətin şərtlərindən biridir. Biz çox vaxt nəzakətli olmaq üçün ikiüzlülük edirik, qanımız qara olsa da salamı gülərüzlə veririk.

Deməli, bütünlükdə ikiüzlülüyü pisləməməliyik, hansı hallarda pis olmasını açan araşdırmalar aparılmalıdır. Məsələn, hansı hallarda xəstələrlə, hansı hallarda uşaqlarla ikiüzlülük etmək olar məsələsini anlamağa calışaq. Peyğəmbərimiz demişdi axı, savaşda yalan olar…”.

Yersiz utancaqlılar da qeyri-səmimiliyin yaranmasına səbəb olur. İnsanlar bir çox səbəblərdən səmimi olmurlar. Pul qazanmağın ancaq yalan yolunu biləndə, “yaxşı adam” adını çıxarmağın fırıldaq üsulunu biləndə. Adamlardan utancaqlığı tələb edən mədəniyyətlərdə də ikiüzlülük çox olur. Adətən, yaşlı adamda utancaqlıq azalır, deməli, səmimilik də artır. Kişilərə baxanda qadınlar daha utancaq olurlar, deməli, az səmimi olurlar.

Ən əsas məsələ odur ki, toplumda səmimi olmaq sərfəli olanda, yəni mükafatlananda səmimiyyət də artır. İnsanların qeyri-səmimi olmasında müasir texnologiyanın da payının olduğu danılmazdır. Səmimiyyət insanın özünü olduğu kimi ifadə etmə qabiliyyətidir. Bizdə belə bir söz var deyirlər ən yaxşı biclik düzlükdür. Bunu özü üçün həyat devizi, həyat tərzi seçən insanlar var. Biri də var ki, bunu özündə aşılamaq imkanları var.

İndiki zəmanə də insanlarda səmimiyyət prosesi aşağıya doğru gedir. Səbəb odur ki, insanların qayğıları əvvəlki dönəmlərə nisbətən artır. Digər tərəfdən informasiya texnologiyaları (kompüter, telefon və s.) insanlarda real ünsiyyət prosesinin azalmasına gətirib çıxardır. Biri var ki, biz üz-üzə söhbət edirik, biri də var ki, telefonla burada üz cizgisi, jest, mimika heç nə bilinmir. Yəni səmimiyyət bu zaman bir az arxa plana keçir. Bu gün informasiya texnologiyalarının cəmiyyətə gətirdiyi mühüm zərərli vərdişlərdən biri də real insanlararası kommunikasiyanın azalmasıdır. Mən düşünürəm ki, bu cür proses hələ də davam edəcək. O zamana qədər ki, insanlarda artıq geriyə dönüş başlayacaq və real insanlararası ünsiyyətə qayıdacaqlar. Artıq səmimiyyət bağları bərpa olunacaq. Bu gün isə biz bunun əksini görürük Siz fikir versəniz görərsiniz ki, yaşlı insanlara baş çəkmək və s. bu kimi şeylər artıq azalıb. İnsanlar öz qayğıları ilə məşğuldur, maddi vəziyyəti, statusu, həyata baxışı, dünya görüşü, öz güvən hissi bütün bunlar onun səmimiyyətinə təsir göstərir. Bəşər tarixi yaranandan bu cür hallar var. Amma bu gün ki, qədər müzakirəyə çıxarılan bir mövzu olmayıb.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş