“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabatın hazırlanması, minaların və partlamamış hərbi sursatların qurbanlara və icmalara təsirinin öyrənilməsi” adlı layihənin icrasını davam etdirir.
Layihə Kanadanın Azərbaycan Respublikasındakı səfirliyinin “Yerli təşəbbüslər üçün Kanada Fondu” proqramı çərçivəsində maliyyə yardımı ilə həyata keçirilir.
Newscenter.az-ın xəbərinə görə. layihənin məqsədi barədə məlumat verən ictimai birliyin sədri Hafiz Səfixanov deyib ki, Azərbaycan Respublikasında, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə minalar və partlamamış hərbi sursatlar (PHS) problemi ilə bağlı təhqiqatlar apararaq hesabat hazırlamaq, geniş ictimaiyyət arasında məlumatlılığın artırılması, minalar və partlamamış hərbi sursatların qurbanlara və icmalara, xüsusən də işğaldan azad edilmiş ərazilərə geri qayıdan insanlara təsirinin öyrənilməsindən ibarətdir.
Əsas məqsədlərimizdən biri Azərbaycan Respublikasının bütün ərazisində, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə mütamadi monitorinqlərin keçirilməsi, bu ərazilərdəki mina və PHS probleminin öyrənilməsidir. Mina tələlərə aid məlumatların hazırlanacaq hesabatda xüsusi bölmədə öz əksini tapması planlaşdırılıb. Burada mina tələlərin aşkar edildiyi ərazilər, onların konfiqurasiyası və qurbanları haqqında müfəssəl məlumat veriləcək. Artıq Şuşa rayonunun Daşaltı, Laçın rayonunun Zabux və Sus, Ağdam rayonunun Orta Qərvənd, Füzuli rayonunun Qorqan kəndlərinin, Xocalı rayonunun ərazisində və Xankəndi şəhərində mina tələlərin quraşdırılmasına dair məlumatlar əldə edilib.
Bundan başqa Naxçıvan Muxtar Respublikası ərazisində mina və PHS probleminin öyrənilməsi də əsas məqsədlərdəndir. Naxçıvan Muxtar Respublikası ərazisində son 20 ildə bu problemin miqyası öyrənilməmişdir.
Ermənistanın işğalı zamanı İran İslam Respublikası ilə dövlət sərhəddinin minalanmasına dair məlumatlar var və bu ərazilərin də monitorinqinin keçirilməsi planlaşdırılır.
Ermənistanla şərti dövlət sərhəddində yerləşən rayonlarımızdakı (Qazax, Ağstafa, Tovuz, Daşkəsən, Gədəbəy) mina və PHS probleminin öyrənilməsi də əsas məqsədlərimizdən biridir.
Digər təhqiqatı aparılacaq problem keçmiş SSRİ-nin bütün Azərbaycan ərazilərində olmuş hərbi anbarlarının və poliqonlarının olduğu yerlərdəki vəziyyətin öyrənilməsidir. Məlumdur ki, Lənkəran – Astara zonasında zaman-zaman dənizdən minaların tapılması faktları vardır, Ağstafa rayonunun Saloğlu kəndində və Xızı rayonunun Giləzi qəsəbəsində böyük hərbi anbarlar olub, Ceyrançöl ərazisində hərbi poliqonunun ətrafında baş vermiş partlayışlar nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb.
Layihənin əsas məqsədlərindən biri də mina və PHS-in qurbanlara təsirinin öyrənilməsidir. Bunun üçün mina və PHS-in qurbanları ilə görüşlər keçiriləcək, onların hansı şəraitdə və nə edərkən qurban olması, hadisənin baş verdiyi ərazidə əvvəllər baş vermis mina partlayışları barədə (insanların, ev və çöl heyvanlarının) məlumatlı olub-olmamaları, qurban olduqdan sonra hansı çətinliklərlə yaşamaları, qurban olmamışdan əvvəl hansı sahədə çalışması, indi məşğulluq proqramına qoşularsa hansı fəaliyyət sahəsində çalışmaq istəməsi və digər məsələlərin araşdırılması nəzərdə tutulub.
Layihənin əsas məqsədlərindən biri də mina və PHS-in icmalara xüsusilə də işğaldan azad olunmuş ərazilərə geri qayıdan insanlara təsirinin hər tərəfli öyrənilməsidir. Bunun üçün Füzuli və Laçın şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə geri qayıtmış insanlarla görüşlərin keçirilməsi, bu problemin onların gündəlik həyatına təsiri, bu təhlükəyə qarşı maarifləndirmə proqramlarında verilmiş təlimatlara ciddi əməl olunması öyrəniləcəkdir.
Bundan başqa keçmiş cəbhə xəttində yerləşmiş kəndlərdə yaşayan insanlara mina və PHS-in yaratdığı problemlər öyrəniləcək. Bunun üçün bu ərazilərdə minalar və PHS ilə çirklənmənin səviyyəsi, insanların əkin sahələrindən, su mənbələrindən istifadəsində, heyvandarlıqla məşğul olmalarında minaların və PHS hansı təsirləri var, minalar və PHS insanların hansı işlərlə məşğul olmasına imkan vermir, insanların adət-ənənələri yerinə yetirməsinə (məsələn milli bayramların keçirilməsində, dini ayinləri yerinə yetirməkdə, qəbiristanlıqlara getməkdə) minaların və PHS-ın təsiri varmı, ümumiyyətlə minalar və PHS insanların həyatına birbaşa və dolayısı ilə hansı təsiri göstərir.
Layihə 2024-cü ilin mart ayınadək icra olunacaqdır.
Sona