
"ABŞ prezidenti Donald Tramp İranla sülh müqaviləsinin imzalanması üçün əhəmiyyətli razılıq əldə olunduğunu və yaxın günlərdə detalların açıqlanacağını bildirib. Bununla belə mətbuatda təsdiqlənməmiş mənbələrdən əldə olunan razılaşma sənədinin müddəaları dərc olunmaqdadır. Dərc olunan sənədin səhihliyinə inansaq müharibənin nəticələrinin gözlənildiyinin əksinə olduğunu müşahidə etmək olar".
Bunları Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı deyib. Onun sözlərinə görə, gözlənilən o idi ki, müharibəni başlayan ABŞ-İsrail cütlüyü qarşıya qoyulan məqsədlərə ən azından minimum səviyyədə nail olacaqlar:
"Hərbi əməliyyatlara başlayan iki dövlətin qarşısında duran məqsədlər əsasən fərqli olsa da, vəzifə eyni idi. İranı hərbi cəhətdən zəiflətmək, nüvə və ballistik raket istehsalı imkanlarını ortadan qaldırmaq, ABŞ və İsrailə loyal siyasi qüvvələrin hakimiyyətin yuxarı pillələrində təmsilçiliyini təmin etmək, bu ölkənin Çinlə əlaqələrini minimuma endirmək, ABŞ-ın İran iqtisadiyyatında iştirakına nail olmaq".
Elçin Ağamalı qeyd edib ki, lakin hərbi əməliyyatların gedişində İranın siyasi və hərbi rəhbərliyinin bir qismini fiziki cəhətdən məhv edən ABŞ və İsrail İranın hərbi infrastrukturuna ciddi zərbələr endirsə də arzulanan nəticələri əldə edə bilmədi:
" Yəni hər iki dövlət müharibənin başlama səbəbi olan faktorlarla bağlı müsbət nəticəni demək olar ki təmin etməyib. Bunun əksinə olaraq mətbuatda dərc olunan məlumatlar anlaşma sənədinin tamamilə İranın məqsədlərinə xidmət etdiyini göstərir".
Elçin Ağamalı hesab edir ki, anlaşma həqiqətən mətbuatda dərc olunan müddəalar əsasında bağlanarsa bu ABŞ-ın beynəlxalq nüfuzuna ciddi şəkildə mənfi təsir göstərəcək:
"İranın, xüsusən də Çinin beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edəcəkdir. Odur ki, razılaşma sənədinin rəsmi elan olunmasını gözləmək daha məntiqli olardı. Anlaşmanın necə olmasından asılı olmayaraq bu müharibə ABŞ və İsrailin əldə etmək istədiyi nəticələri tam şəkildə təmin etməyəcəkdir. Düşünürəm ki, ABŞ-İsrail və İran arasında mövcud olan düşmənçilik elementləri və siyasi baxış fərqliliyi öz mövcudluğunu qoruyub saxlayacaqdır ki, bu da gələcəkdə yeni hərbi qarşıdurma perespektivini qaçılmaz edəcəkdir"
Süleyman












































