Dünyəvi siyasət bu və ya digər dövlətin apardığı siyasi xətlə də müəyyənləşdirilir. Ona görə də dünyəvi proseslərin istiqamətləndirilməsi üçün müəyyən beynəlxalq toplantılar da keçirilir. Belə toplantılar müxtəlif formatda olsa da ən çox müraciət ediləni forumdur.
İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işlərinə başlanıldı. Minlərlə məcburi köçkün doğma el-obasına qayıtdı. Bu prosesi, Böyük Qayıdışı asanlaşdırmaq, uğurla başa çatdırmaq baxımında ən həssas vəzifələrdəndir. Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda keçirilən Forum da bu məqsədin nəticəsi idi.
Çıxışında Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu xatırladan, regionda böyük miqyasda dəyişikliklər getdiyini bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, müharibə başa çatandan sonra bizim təklifimiz çox aydın idi – Qarabağda yaşayan insanların iki seçimi var. Biri Azərbaycan vətəndaşları olmaqdır və biz bunun üçün hüquqi və təhlükəsizlik çərçivəsi yaradırıq. Yaxud yaşayış üçün başqa yer tapsınlar. Başqa seçim yoxdur. Digər seçim isə özlərinin hesab etmədikləri ölkədə yaşayış və işləmək üçün icazənin alınması idi.
Seçim edildi. Dünya ictimaiyyəti seçimin necə həyata keçirildiyini gördü. Onu da gördü ki, Azərbaycan bu məqamda da tolerantlığını səmimiyyətlə qorudu...
“...bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Yeri gəlmişkən, əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı”, - deyən ölkə başçısı Azərbaycan gerçəkliklərini bir daha diqqətə çatdırdı.
Səfir Metyu Brayzanın “...Bizim yaşadığımız dövrdə dünyanın heç bir yerində darmadağın edilmiş geniş bir ərazinin yenidən qurulduğu ikinci belə məkan yoxdur. Bu, görünməmiş haldır və biz bunun şahidi oluruq, buna görə də Sizə təşəkkür edirik. Mənim həm sualım, həm də şərhim olacaq.Mən uzun müddət bu münaqişə ilə məşğul idim və hər zaman Azərbaycanın, şəxsən Sizin mövqeyiniz ondan ibarət idi ki, əlbəttə, Siz istəyirdiniz Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa olunsun, azərbaycanlı məcburi köçkünlər qayıtsın. Ancaq bununla yanaşı, Siz istəyirdiniz ki, erməni əhalisi də qayıtsın, qalsın və yenidən azərbaycanlılarla qonşu olsunlar. Müharibə zamanı da Siz bir neçə müsahibədə bunu qeyd etdiniz. Baş nazir Paşinyan bunu dərk edirmi və özünün seçicilərini buna inandırmağa çalışırmı?” sualına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cavab olaraq dedi:
“...İkinci Qarabağ müharibəsinin bitməsindən sonrakı 3 il ərzində mən ictimai şəkildə bəyan edirdim ki, biz Qarabağda yaşayan erməniləri öz vətəndaşımız hesab edirik. Biz düşünürük ki, onlar separatçıların liderləri tərəfindən manipulyasiya edilirlər. Biz onlara həmin ərazidə qalmaq və yaşamağa davam etmək üçün şərtlərimizi təklif etdik. Dediyim kimi, bu, tamamilə beynəlxalq hüquqa uyğun idi. Onların edəcəkləri yeganə iş Azərbaycan vətəndaşlığı üçün müraciət etmək idi. Onların hüquqları və təhlükəsizliyi məsələləri də nəzərə alınmışdı. Biz dəfələrlə demişdik ki, onların təhlükəsizliyi Azərbaycanın Konstitusiyasına uyğun və beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərimizə əsasən təmin ediləcək. Hüquqlara gəldikdə, biz ictimai şəkildə bəyan etmişdik ki, onların hüquqları da məhz bu şəkildə təmin ediləcək. Proses uzun çəkdi və dərk etdik ki, bizim və Qarabağda yaşayan ermənilər arasında bir növ sədd var. Bilmirəm, bu sədd Ermənistan hökuməti və ya separatçılar tərəfindən yaradılıb. Daha sonra qərara gəldik ki, danışmağa başlamaq lazımdır və mən parlamentin üzvü olan bir nəfəri Prezidentin xüsusi nümayəndəsi təyin etdim və onun vəzifəsi Qarabağ erməniləri ilə danışmaqdan ibarət idi. Biz hətta ilk görüşün Rusiya sülhməramlılarının o zaman hələ də işğal altında olan Xocalıdakı bazasında keçirilməsinə razılıq verdik. Bu görüş baş tutdu. Həmin ilk görüşdə biz onlara təklif etdik ki, qalsınlar və inteqrasiya etsinlər. Mənim dəfələrlə istifadə etdiyim reinteqrasiya sözü istehza ilə qarşılandı, həm Ermənistan hakimiyyəti, həm də separatçılar tərəfindən. Həmin separatçılar ki, bu gün təcridxanada verdikt gözləyirlər. Biz təklif etdik ki, ikinci görüş Yevlax şəhərində keçirilsin, o, Qarabağa yaxın, maşınla bir saatlıq məsafədə yerləşir və bu görüşlər müntəzəm olsun. Təəssüflər olsun ki, Qarabağ erməniləri, yəni özlərini lider hesab edənlər bundan imtina etdilər. Bir neçə dəfə, ən azı iki dəfə biz ictimai şəkildə bəyan etdik ki, onları dəvət edirik, lakin onlar bundan imtina etdilər...”
Qlen Hovarddanın, Denis Sammutin, Ekaterine Metrevelinin və başqalarının sualları da regionda, bilavasitə Azərbycanda baş vermis və baş verən hadisələrə maraqdan, gerçəkliklərə daha əsaslı şəkildə inanmaq zərurətindən yaranan suallarına ətraflı, məntiqi, gerçək cavablar aldılar.
Ümumiyyətlə, dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda keçirilən Forum Azərbaycan gerçəkliklərini dünya siyasətinə inteqrasiya baxımından maraq doğurdu və kifayət qədər təsirli olacaq...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı