Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərbaycanda aqrar sahənin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” kitabının təqdimatı keçirilib

“Azərbaycanda aqrar sahənin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” kitabının təqdimatı keçirilib


Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycanda aqrar sahənin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” kitabının təqdimatı keçirilib. Newscenter.az xəbər verir ki, kitab aqrar sahə mütəxəssisləri, tələbələr və elmi-tədqiqat işçiləri, eyni zamanda, bu sahə ilə maraqlanan insanlar üçün nəzərdə tutulub.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, XX əsrin 60-cı illərinin sonundan Azərbaycana rəhbərlik edən Ulu Öndərin təşəbbüsü və güclü siyasi iradəsi ilə həyata keçirilən geniş miqyaslı tədbirlər nəticəsində respublikamızda aqrar sahənin sürətli inkişafı təmin edilib, istehsalın artım sürətinə görə keçmiş İttifaqda öncüllüyün ələ alınması ilə yanaşı, kənd təsərrüfatında çalışanların gəlirləri və rifah səviyyəsi yüksəlib. Sovetlər dövründə Azərbaycanın kənd təsərrüfatı sahəsinin klaster yanaşması əsasında inkişafı üzrə Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış strategiyaya uyğun olaraq 1970-1985-ci illər ərzində yaranmış güclü bünövrə sonrakı dövrlərdə də aqrar sahənin inkişafında öz müsbət rolunu oynayıb. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafının prioritet elan edilməsi, çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və ardıcıl olaraq genişləndirilməsi, islahatların dərinləşdirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin edir.

Tədbirdə çıxış edən Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, 1960-1970-ci illərdə Azərbaycan SSRİ-də müttəfiq respublikalar arasında aqrar sahənin inkişaf göstəricilərinə görə ən zəif artım tempinə malik olan 3 respublikadan biri olub. Məhz Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə Ümummilli Liderin təşəbbüsü və siyasi iradəsi nəticəsində həyata keçirilən tədbirlər nəticəsində SSRİ-nin kənd təsərrüfatının ümumi məhsulunda Azərbaycanın payı 2 dəfədən çox artıb.

Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə aqrar sahədə həyata keçirilən tədbirləri inqilabi addım adlandırıb. Şöbə müdiri qeyd edib ki, Ümummilli Liderin siyasi iradəsi ilə SSRİ-dövründə qəbul edilən qərarlar nəticəsində əkin dövriyyəsinə əlavə torpaqların cəlb edilməsi ilə Azərbaycanda aqrar sahədə istehsalın həcmi əhəmiyyətli dərəcədə artıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə Azərbaycanın kənd təsərrüfatının inkişafı ilə bağlı görülmüş genişmiqyaslı işlər aqrar sahənin inkişafına uzunmüddətli müsbət təsir edib. Aqrar sahədə həyata keçirilən islahatlar ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Sovetlər dövründə Heydər Əliyevin siyasi iradəsi ilə İttifaq səviyyəsində qəbul edilən qərarlar nəticəsində aqrar sahədə böhranın qarşısı alınıb. Görülən tədbirlər kənd təsərrüfatında intensiv inkişafa səbəb olub, rayonların ixtisaslaşması ilə kənd təsərrüfatında əsaslı dəyişikliklər baş verib.

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən bəhs edib. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə bütün sahələrdə yaratdığı möhkəm təməl bu gün Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasında əhəmiyyətli rol oynayır.

Tədbir iştirakçıları Azərbaycanda aqrar sahənin inkişafında Ümummilli Lider Heydər Əliyevin roluna həsr olunan kitabın kənd təsərrüfatının müasir tarixi ilə maraqlananlar üçün faydalı olacağını vurğulayıblar.

Qeyd edək ki, “Azərbaycanda aqrar sahənin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” kitabı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində hazırlanıb. Üç bölmədən ibarət olan kitabın ilk bölümündə Ümummilli Liderin Azərbaycana rəhbərliyinin birinci dövründə kənd təsərrüfatının inkişafında dönüş yaradan siyasi xəttin müəyyən edilməsi və həyata keçirilməsi, aqrar sahənin inkişafı, həmçinin kənd yerlərinin inkişafı və kənddə rifahın yaxşılaşdırılması ilə bağlı məsələlər təfsilatı ilə verilib. İkinci bölmədə dövlət müstəqilliyi şəraitində aqrar islahatların həyata keçirilməsi sahəsində Heydər Əliyev tərəfindən irəli sürülən təşəbbüslər, aqrar islahatlar konsepsiyasının formalaşdırılması, aqrar islahatların qanunvericilik bazasının hazırlanması və torpaqların xüsusi mülkiyyətə verilməsi ilə bağlı məsələlər yer alır. Üçüncü bölmə ölkədə kənd təsərrüfatı sahəsində özəl mülkiyyətə əsaslanan təsərrüfatçılıq praktikasının və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan aqrar siyasət mexanizmlərinin formalaşdırılmasını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət çərçivəsində bu sahədə yeni inkişaf məqsədlərini hədəfləyən islahatların tarixi varislik prinsipi əsasında sonrakı dövrlərdə də uğurla həyata keçirilməsi ilə bağlı geniş əhatəli məsələləri ehtiva edir. Bu bölmədə müstəqil Azərbaycanda aqrar sahənin inkişaf dinamikası təhlil olunur, müasir çağırışlara uyğun olaraq həyata keçirilən dayanıqlı inkişaf strategiyasının əsas istiqamətləri göstərilir.

Anar Əliyev
Xəbəri paylaş