Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siqaret sizi öz tüstüsündə zindanda saxlayır

Siqaret sizi öz tüstüsündə  zindanda saxlayır


Sözüm siqaret çəkənlərədir!

Eşitdim siqaretlərin qiymətlərində artım olub.

Düşündüm, bəlkə bu hadisə sizə bir motivasiya ola, o zəhrimarı tərgidəsiniz. Məsələn, bir il öncə qarşıma məqsəd qoyub əvvəlcə drojlu çörəkdən, sonra isə bütün növ çörəklərdən imtina etdim, sonra şəkər tozu və qəndlə vidalaşdım. )))
Çətin oldu, amma bacardım. Sizə əzab-əziyyət verən, beyninizi məşğul edən, zamanınızı sizdən oğurlayan hər nə varsa, siz də imtina edin. İmtina etməyin özü bir mədəniyyətdir. Sosial şəbəkələrdə yazdıqlarım, görünüşüm sizin əsəblərinizə toxunursa, məndən də imtina edin! ))

Bilirəm, əksəriyyətinizin yaxşıca bəhanəsi var: "Sənin də mənim qədər dərdin olsa, sən də çəkərsən!", "Kişi siqaret çəkər də" və s.

Təbii ki, hər kəsin problemi özünə dağ boyda görünür... Kim bilir, kim bu həyatdan nə çəkir, necə çəkir?

İnanın, düşüncələrinizdən asılıb qalan canlı və ya cansız hədəf, obyekt varsa, istəyir nə ola, xeyri yoxdur! Unutmaq asan bir şey deyil! Siqaret tüstüsü beyni müvəqqəti dumanlandıra bilər, o dumanın içindəki mənfi və ya müsbət qəhrəman yenə də sizdən əl çəkməz!

Siqaretə nifrət edirəm!

Ailəmdə də imkan vermərəm çəkilə!
Elə doğmalarım var ki, bu təhər söhbətlərimdən, ünsiyyətdən sonra bir müddət siqareti tərgidirlər, təəssüf ki, sonra nəzərimi onların üzərindən çəkən kimi yenə də əllərinə fürsət düşür, başlayırlar!
Arada düşünürəm ki, kişilər uşaq kimidilər, gərək onlara mütəmadi nəzarət oluna! )))
Siqaretlərin adları və bahalaşan qiymətləri haqda bayaq teleqram kanallarından oxudum.

Günə bir qutu siqareti göyə püsgürdənlərin ciblərinin bir illik məsrəfini hesablayacağam. Həyat yoldaşları və ya övladları onlardan o qədər pulu qəfildən istəsələr, əlləri əsər, verməyə ürəkləri gəlməz, amma di gəl ki, siqaretə milyonlar xərcləyirlər.

Aktiv siqaret istifadəçilərinin bir il (365 gün) ərzində nə qədər itirdiklərini hesablayanda adamın başına hava gəlir. Bilirəm, indi özünüzü sığortalamaq üçün yazacaqsınız ki, kiminsə qazancını hesablamaq günahdır. Yaxşı, bəs itirdiklərinizi hesablamaq necə?
Məsələn:

“Pall Mall” – ın qiyməti 3,1 manatdır, günə bir qutudan çəkilsə, ilə 1131,5 manat edir...
“Vinston” – 4 manat (1460 manat),
“Sobranie” – 4,5 manat (1642,5 manat),
“Vest” – 2,9 manat (1058,5),
“Prima” – 2,6 manat (949 manat),
“Kent” – 4,2 manat (1533 manat),
“Argo” – 2,4 manat (367,4 manat)
LD – 3,4 manat (1241 manat)...

Dama -dama göl olar, axa -axa sel olar!
Qəpik -quruşlarınızı ciblərinizdən asta-asta, usta-usta elə çəkirlər ki, özünüzün də xəbəri olmur.

Adam tüstüyə pul verər?

Siz tüstü-dumanın içində itib -batmısınız, xəbəriniz yoxdur!

Tərgidin o zəhrimarı, əgər bacarmırsınızsa, onda yolda-rizdə istifadə etməyin! Mən boğuluram. O gün işə tələsirdim, küçələrdən gələn siqaretin qarışıq qoxularından beynim çartladı. Siz buna necə dözürsünüz?

Hələ elektron siqareti demirəm. Qara yola-qara saata, indi qadınlar da çəkirlər. Elə xanım-xatın, elə ağıllı qadınlar siqaret alüdəçiləridilər ki, onlara bu hərəkətləri heç yaraşdırmıram.

Yenə də məsləhət özünüzündür.
Unutmayın, "Yox!" deməyi bacarmayan kölədir! Siz tüstünün və heçliyin əsirisiniz! Siqaret sizi öz tüstüsündə zindanda saxlayır. Qalın hasarları olmayan o həbsxananın divarları tüstüdəndir. Qaçış mümkündür, lakin siz könüllü məhbusunuz!
Səhərin gözü açılmamış ağlıma gələni yazdığıma görə mənə DƏLİ də deyə bilərsiniz.

Tənqiddən qorxmuram!
Təki siqareti tərgidin! Tərgidə bilmirsinizsə, barı o siqaretin kötüklərini çırtma ilə maşınlardan yerə atmayın!
Ətrafımda məni qıcıqlandıran bir çox şeyləri gördükcə, özümü analiz edə bilmirəm ki, mən normal insanam, yoxsa anormal?

Bəlkə elə siqaretçəkənlər normaldır... Təəssüf ki, cəmiyyətin gələcək nəsillərə aşıladığı "norma" bu sayaqdır. Orta məktəblərin yuxarı siniflərinin ciyərlərinə yanğınsöndürən lazımdır. Kimdən öyrəniblər? Əlbəttə, sizdən!
Nə isə... Gedim günorta və axşamın xörəyini bişirməyə.

Onsuz da həyat belədir, dəyirman öz bildiyini edər, "çax-çax" səsi baş ağrıdar...
Mənim "çax -çax"larıma başınızı ağrıtmayın,
həyat sizindir... İstədiyiniz qədər özünüzü boğun...

Həm də sirr deyilsə, etiraf da edə bilərsiniz, siqaretə bir il ərzində nə qədər pul xərcləyirsiniz?

Fəridə Aslanova
Xəbəri paylaş