Azərbaycan Texniki Universitetində (AzTU) qış semestrinin imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub. Mediaturda tələbələrin valideynləri, AzTU-nun İctimai şurasının üzvləri, media nümayəndələri iştirak edib. Əvvəlcə mediatur iştirakçıları AzTU-nun kampusunu ziyarət edib.
Newscenter.az xəbər verir ki, rektor Vilayət Vəliyev AzTU-da görülən işlər haqqında məlumat verib. Daha sonra auditoriyalarda imtahanın gedişi izlənilib. Məlumat verilib ki, AzTU-da imtahanlar əyani təhsil alan I kurslar üçün test, yazılı və şifahi, əyani təhsil alan II, III və IV kurslar üçün şifahi (yazılı) üsulla keçirilir. Qiyabi təhsil alan I, II, III, IV kurslar üçün imtahanlar test, V kurslar üçün isə şifahi (yazılı) üsulla təşkil edilib. Magistratura səviyyəsində isə imtahanlar şifahi (yazılı) üsulla keçirilir.
Qeyd olunub ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" (+99412 539 13 05) fəaliyyət göstərir.
Mediaturda valideynləri və media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Süleyman