Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Qanımız bir, canımız bir” devizi ilə növbəti könüllü qanvermə aksiyası keçirilib. 1990-cı il 20 Yanvar hadisələrinin 34-cü ildönümünə həsr olunmuş aksiya ölkəmizin ərazi bütövlüyünü və sərhədlərimizin toxunulmazlığını qoruyan, vətənin müdafiəsində dayanan hərbçilərimizin sağlamlığının qorunmasına kömək məqsədi daşıyıb.
Newscenter.az xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının səyyar qan tədarükü bölməsinin 10 nəfərdən ibarət həkim briqadası tərəfindən icra edilən aksiyada Dövlət Komitəsinin əməkdaşları könüllü donor kimi qan veriblər.
Tədarük olunan qan nümunələri laboratoriya şəraitində yoxlandıqdan sonra xəstələrin müalicəsində istifadə olunacaq.
Aksiya iştirakçıları ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunmasında müstəsna xidmətləri olan hərbçilərimizin sağlamlığının qorunması üçün qan verməyin xeyirxah iş olduğunu bildiriblər. Onlar belə aksiyalarda iştirakın vətəndaşlıq borcu olduğunu qeyd ediblər. Dövlət Komitəsinin və tabeliyindəki strukturların əksəriyyəti məcburi köçkünlərdən, şəhid ailəsi üzvlərindən, müharibə əlili və veteranlarından ibarət kollektivlərinin 100-ə yaxın əməkdaşı xeyriyyə aksiyasında iştirak edib.
Xatırladaq ki, Dövlət Komitəsində Müdafiə Nazirliyi ilə birlikdə “Qanımız bir, canımız bir” devizi ilə təşkil etdiyi ənənəvi könüllü qanvermə aksiyası dörd ildir keçirilir.
Süleyman