Sileyi rəhm hər bir müsəlmanın vacib əməllərindən hesab olunur.. Sileyi rəhm-yəni qohum əqrəbanı ziyarət etmək, sevincinə, qəminə şərik olmaq Allahın bəyəndiyi, bəndəsinə isə vacib bildiyi əməldir. Eyni zamanda Allahın bəyənmədiyi bir əməlin sahibi də sileyi rəhmi tərk edənlərdir. Yəni qohum əqrəbanın ziyarətini özünə rəva bilməyənlərdir. Birincinin mükafatı nə qədər çoxdursa, ikincinin cəzası da bir o qədər ağırdır.
Elə bu niyyətlə yola çıxmışdım düz Şirvan şəhərinə . Bəli, ziyarətin tamamında geri qayıtmaq üçün işıqlarını yandırıb söndürən taksini saxladıq.
... Sürücü ya Allah deyib ayağını əyləcdən qaldırdı və maşın yola düşdü. Sürücünün yanında əyləşən sərnişin yarımçıq salmış söhbətini davam etdirməyə başladı.... Əti kabab çəkdik. Necə deyərlər kabab qanlı igid canlı. Maraqlı dadı var idi. Sonradan əti pay verən dostumuz dedi ki, bəs ət canavar ətidir. Hələ də dadı damağımdan getməyib.
Taksi sürücüsü özünü elə aparır, elə maraqla qulaq asırdı sanki mühüm xəbərləri dinləyirdi. Əlbəttə biz də təəccübümüzü gizlədə bilmədik, gözlərimizi bir az da böyudub yol yoldaşımıza "tırka "verirdik. Zarafat deyil sən canavar əti yiyən adamla yanaşı oturmusan, o da hərdəm səni süzür. İndi gəl baş aç niyə baxır. Adamın ürəyindən qara qanlar axır. İştah diş altında deyiblər.
İndi bu məxluqun iştahına insan ətindən kəllə paça keçsə... Anidən özümü qaynar qazanda qaynayan, canavar əti yiyənin əlində isə çömçə gördüm. Qulaqlarımı çəkib bidənə də çü çü (əslində bu faydasız vərdişdən başqa nəsə deyil) elədim ki, bu nəfsi itinin şərrindən uzaq olum. Söhbətə sürücü qoşuldu ."Bəs qohumum qonaq gəlmişdi bizə, həyətimizdə üçyarpaq yoncanı dərib yeyəndə qışqırdım zəhərlənərsən. Qonaq güldü və dedi narahat olma bizim tərəflərdə bunu yeyirlər və üçyarpaq yoncanı ovuşdurub yedi". Sürücü sonra tam əminliklə əlavə etdi :" görəsən yonca hansısa dərdin dərmanıdır ? Deyirəm qoyunlar yonca yediyinə görə şaxta boranda soyuqlamır. Elə götürək digər bitkiləri hərəsi bir dərdin dərmanıdır . Məsələn eşşək qanqalının qaraciyər serrozunu tam müalicə etdiyini biıirdinizmi?" . Canavar əti yeyən yol yoldaşımız oturacağına yayxınıb -: "Canavar əti də min dərdin dərmanıdır. Maşallah turp kimiyəm", deyib iştahla sərnişinləri gözucu süzməyə başladı.
Mən də araya söz soxuşdurdum ki, bəs dərmanlar çox bahadır, həm də keyfiyyıtsizdir. Qəbul edirsən təsiri olmur. Belə getsə insanlar bir-birinin ətini didəcək. Sözümü bitirməmiş gördüm canavar əti yeyən çönüb mənə baxır. Və kövşəyə-kövşəyə:-" insan əti də nəyinsə dərmanıdır "replikasını atdı. Daha mənzil başina çatmağa qalmış yüz kilometri mən danışmadım. Ancaq zikri niyaz elədim. O gədənin replikasından sonra yol boyu nə söhbət olubdursa, eşitməmişəm. Həmin gecəni evdə yata bilmədim. Səhərisi özümü Sibirə sürgün elədim. İndi bu bir parça kağızı, məktubu sizə qürbətdən yazıram.
Salam əziz Newscenter.az. mən sağ və salamatam, sizin də sağ və salamat olmağınızı o gözə görünməz Yaradandan diləyirəm. Əzizlər, bəndə sizə görə çox narahatdır. Taksi sürücüsü ilə canavar əti yeyənin söhbəti ovqatımı təlx edib. Desəm canavar əti yeyənin ağarmış dişlərini yuxuda görüb diksinirəm. Sözümü qəribçiliyə salmayın. Məktubu yazmaqda məqsədim budur ki, ölkədə növbədənkənar prezident seçkiləridir. Hər kəsin belə bir seçkidə iştirak etmək, namizədliyini irəli sürmək hüququ, azadlığı var. Və elədir. Kim hardan gəldi namizədliyini irəli sürür. Mənim canıma qorxu salan da budur bəlkə mənimlə yol yoldaşı olanlardan birisi ya namizəddir, ya da da təbliğatçı. Yaxud namizədlərdən hər hansı birinin iştahı fərqli ola bilər. Lutfən seçkidə iştirak edən seçiciləri xəbərdar edin ayıq olsunlar. Dəstəklədiyi namizədin menyusuna baxsınlar, insan qanına susamış namizəd varsa uzaq dursunlar. Əks təqdirdə sabah qabırğılarından kimsə antrikort sifariş edib şişə çəksələr başqasını günahkar bilməsinlər.
Hüseyn