Naxçıvan Dövlət Universitetində “2023-cü il-Heydər Əliyev ili”nin yekunlarına dair hesabat tədbiri keçirilib.
Newscenter.az təhsil ocağına istinadən bildirir ki, tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə universitetdə təsdiqlənmiş tədbirlər planının uğurla həyata keçirildiyini bildirib. Rektor universitetin müxtəlif strukturları, tələbə təşkilatları və əməkdaşları tərəfindən nüfuzlu beynəlxalq konfransları, aktual mözvulara həsr olunan elmi müzakirələri, kitab təqdimatı və idman yarışlarını, müsabiqələri, olimpiadaları, 800 nəfərin iştirak etdiyi flaşmobu və müxtəlif layihələri əhatə edən ümumilikdə 200-dən çox tədbirin keçirildiyini diqqətə çatdırıb.
Elbrus İsayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 12 iyun 2002-ci il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinə yüksək özünüidarə statusu, muxtariyyət hüququ verilib. Ümummilli lider Heydər Əliyev müxtəlif vaxtlarda 1974, 1992-ci ildə iki dəfə və 1999-cu ildə olmaqla, ümumilikdə 4 dəfə Naxçıvan Dövlət Universitetində olub, muxtar respublikada ali təhsilin inkişafı naminə xidmətlər göstərib. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində Zəfər yolu ilə möhtəşəm uğurlara doğru inamla addımlayır.
Rektor Heydər Əliyevin zəngin irsinin öyrənilməsinin vacibliyini, bu irsin vətənpərvər və dövlətçiliyə sadiq vətəndaş yetişdirilməsi baxımından müstəsna əhəmiyyətini qeyd edib.
Vurğulanıb ki, yubiley ilində universitetin “Yeni fikir” qəzetinin ulu öndərin həyat və fəaliyyətinin müxtəlif sahələri üzrə araşdırmaları ilə zəngin olan xüsusi buraxılışı dərc olunub. Rektor qeyd edib ki, universitetin 3 tələbəsi ulu öndərin adına təsis edilən təqaüdə layiq görülüb.
Elbrus İsayev Qərbi Azərbaycana qayıdış festival-konqresi, universitetin İncəsənət fakültəsi və Musiqi kollecinin birgə ərsəyə gətiridiyi Simfonik orkestrin Bakıda və Türkiyədə uğurlu konsert proqramıyla çıxış etməsini yubiley ilinə ən mühüm töhfə olaraq dəyərləndirib.
YAP Universitet Ərazi Partiya Təşkilatının sədri, universitetin sosial və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev Tədbirlər Planının icrası istiqamətində görülən işləri statistik rəqəmlərlə və slaydlarla təqdim edib. Qeyd olunub ki, il ərzində 21 beynəlxalq və respublika səviyəli konfrans keçirilib, 3 kitab çap olunub, Elmi əsərlər jurnalının və “Yeni fikir” qəzetinin xüsusi nömrəsi işıq üzü görüb, 38 açıq dərs keçirilib, universitet televiziyası tərəfindən 24 film hazırlanıb, professor-müəllim heyətinin 152 sayda KİV-də məqaləsi dərc edilib. 70 əməkdaşın 82 elmi məqaləsi nəşr olunub. Həmçinin ümumilikdə 35 sayda sərgi, tamaşa, konsert, müsabiqə keçirilib. Universitet televiziyasının hazırladığı filmlər, ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən dərslər, dəyirmi masalar yubiley ili çərçivəsində keçirilən tədbirlər sırasında qeyd edilib.
Rektor keçirilən tədbirlərdə xüsusi fəallıq nümayiş etdirən əməkdaşları təbrik edib. Elbrus İsayev Ulu Öndərin tükənməz irsinin, misilsiz xidmətlərinin, ideyalarının və dövlətçilik ənənələrinin araşdırılmasının və təbliğinin nəinki yubiley ilində fəaliyyətimizin bütün dövrlərində davam etdiriləcəyini vurğulayıb.
Süleyman