Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Londonda keçirilən BETT təhsil texnologiyaları sərgisində iştirak edir.
Dünyada təhsil texnologiyaları sahəsində ən böyük sərgi hesab olunan BETT çərçivəsində Fond sədri “Google for education”, “META”, “SMART” olmaq üzrə bir sıra nüfuzlu şirkətlərin rəhbər şəxsləri ilə görüşüb.
Newscenter.az xəbər verir ki, Fond sədri həmçinin BETT-in əsas təşkilatçılarından hesab edilən Britaniya Təhsil Təchizatçıları Assosiasiyasının baş direktorunun müavini Culia Garvey, dünyada təhsil və bacarıqlar nazirlərinin ən böyük illik toplantısı sayılan Dünya Təhsil Forumunun direktoru Dominik Savaj və digər şəxslərlə görüşərək müzakirələr aparıb.
Görüşlərdə Elnur Nəsibov Təhsilin İnkişafı Fondunun məqsədi, fəaliyyəti, əsas prioritetləri və gələcək planları barədə məlumat verib, birgə əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.
Məlumat üçün bildirək ki, BETT təhsilin keyfiyyətini təkmilləşdirməyə töhfə verən ən son texnologiya və innovativ təhsil həllərini bir araya gətirir. 24-26 yanvar tarixində reallaşan sərgidə 1200-dən çox qabaqcıl şirkət, 60 mindən çox iştirakçı təmsil olunur.
Bu ilin əsas mövzusu “Gələcəyi yaratmaq” olan sərginin əsas tərəfdaşları “Microsoft”, “Google”, “Lenovo” və bir sıra digər yüksək texnologiyalı sənaye liderləridir.
Süleyman