Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həyat - həm ən güclü müəllim, həm də ən yaxşı tərbiyəçidir

Həyat - həm ən güclü müəllim, həm də ən yaxşı tərbiyəçidir


Nə qədər mülayim olsamda, bir o qədərdə sərtəm. Hər kəsin göründüyü qədər də görünməyən yanları var. Və hər kəsin içərisində istəsə belə kimsəyə göstərə bilmədiyi, anlada bilməyəcəyi bir məni var. Həyatəmda səssizliyi, təkliyi çox sevirəm. İnsanların içərisində həm varam, həm yoxam. İnsanları, ünsiyyəti çox sevirəm, amma sevdiyim qədər də, bəlkə də daha çox uzaq durmağa çalışıram. Çünki insanlığa güvənmirəm. Çox zaman təkliyə çəkilib fikirlərimi cızma-qara etməyi xoşlayıram. Həyat dolu insan olsam da hüzünü çox sevirəm. Hüzündə tamamlanır, özümü tapıram. Mənim üçün hər şeydə mütləq bir xeyir, kiçik də olsa bir gözəllik var.

Yaşadığım hər şeyi asanlıqla qəbul etməyi bacarıram. Niyə oldu, “mən niyə?” deyə bir düşüncəm yoxdur. Mənim üçün olmalı idi, Rəbbim məsləhət bildi oldu var. Öz sınağına layiq bilən Allaha həmd olsun. Hər bir insan özlüyündə canlı bir örnəkdir ətrafına, həyat dərsidir. Heç vaxt qarşıma çıxan insanları tanıdığıma peşman olmadım. Əksinə, hərəsindən bir şey öyrəndim. Pisliyi ilə gələnlər, insanlıqdan dönüb, acı yaşadanlar həyatı, ayaqlarımın üstündə möhkəm dayanmağı, hər kəsə güvənib arxa çevirməməyi öyrətdi. İnsanların nələr edə biləcəyini, hər kəsin əslində görünmədiyi kimi olduğunu, pisi görüb yaxşının dəyərini bilməyi öyrətdi.

Yaxşılar, ürəyinin təmizliyindən, gözəlliyindən pay verənlər Allahın lütfünün genişliyini, həyatın əslində rahatlıqla görünməyən, tapılmayan yanlarını, incə gözəlliklərinin var olduğunu göstərdi. İnsancasına sevməyi sevilməyi, varlıqlarına hər nəfəsdə şükür etməyi öyrətdi. Və mən rastlaşdığım hər kəsə yaxşısıyla, pisiylə birgə minnətdaram. Çünki mənə mən olmağı, məğrur yaşamağı öyrətdi! Qüsursuzluq bir tək Allaha məxsusdur. Hər bir insan səhv edir və səhv etdikcə düzləri öyrənir. Etdiyimiz yanlışlar bizi böyüdür, olğunlaşdırır. Həm də necə bir insan olacağımız yöndə formalaşdırır. Hər bir insanın zamanla səhvləri yanlışları olur. Mən də səhvlər edərək böyüdüm doğruları öyrəndim və zamanla da edəcəm. Çünki mən də bir insanam. Amma gələcəyimə daşıyacağım, bu günümdə başımı əyəcəyim səhvim, yanlışım olmadı çox şükür. Heç vaxt tələsik qərar vermirəm, gözüyumulu addım atmıram. Hisslərlə deyil ağılla, düşünülərək hərəkət etməyi çox sevirəm. Edəcəyim hər hərəkətdə davranışlarına cavabdehlik daşıyan bir insan kimi özümə verdiyim suallarım var: – Mən kiməm, bunu etsəm nə olar və etməsəm nə olar? Hər zaman, hər addımda özümlə hesablaşıram. Çox şükür, heç vaxt vicdanımı susdurmağa məcbur qalacağım addım atmadım, yanlış etmədim. Ağıllı adamlarsa bu həyatın keçici bir zaman olduğunu qəbul edir. Həyatın verdiyindən artığını ummur və yaşanan hər şey müvəqqəti olduğu üçün həyata gülür, komediya kimi baxır. Məncə əslində həm də əksinədir. Həyat ağılla yaşayanlar üçün faciədir, hisslərlə yaşayanlar üçün komediya. Çünki həyatı dərk edib, anlamaq üçün dərin düşüncə, güclü ağıl lazımdır. Ağıllı adamsa bu həyatı dərinliyinə vardığı halda, komediya kimi yaşaya bilməz. Hər zaman yaşadıqları deyil, ətrafda baş verənlərlə bağlı mənəvi, insani acı çəkir.

HƏYAT - həm ən güclü “MÜƏLLİM”, həm ən yaxşı “TƏRBİYƏÇİ”, həm ən qəddar “TƏLİMÇİ”, həm ən qatı “DÜŞMƏN”, həm də ən yaxın “DOST”dur. Baxır kimin həyatı necə qəbul edib, hansı gözlə baxmasına. Və ona qarşılıq olaraq, həyatın eyni gözlə ona baxmasına. Mənim üçün həyat, Allahını tanıya bilib sevməkdədir, hər halınla şükürdədir, qədərə səssiz boyun əyməkdədir.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş