Azərbaycan Gənclər Fondunun maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Biləndər-zəkaların payız kuboku” layihəsi çərçivəsində Nə? Harada? Nə zaman? intellektual oyun formatı üzrə Şabran rayonunda seçim turu keçirlib.
Newscenter.az xəbər verir ki, rəsmi açılış mərasimində , “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, Azərbaycan Gənclər Fondunun əməkdaşı Ceyhun Bayramov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Şabran rayonu üzrə təhsil sektorunun əməkdaşı Rəşad Məmmədov və Şabran şəhər 5 nömrəli tam orta məktəbin direktoru İmarət Əsgərova iştirak edib.
Tədbirdə çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihə barədə danışaraq qeyd edib ki, layihə şimal regionuna daxil olan rayonlarda – Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən zonasında yaşayan və təhsil alan gəncləri intellektual oyunlara cəlb etməklə Azərbaycan dili, ədəbiyyatı, tarixi, adət-ənənələri, milli mədəniyyəti, incəsənəti, musiqisi, kinosu, coğrafiyası haqqında biliklərinin artmasına təkan vermək məqsədi daşıyır.
Layihə çərçivəsində qeyd edilən ərazilərdə seçim turları keçiriləcək və hər bir zonanın qalibi Quba şəhərində təşkil olunacaq final mərhələsində iştirak etmək hüququ qazanacaqdır.
Azərbaycan Gənclər Fondunun əməkdaşı Ceyhun Bayramov öz çıxışında iştirakçılara fondun fəaliyyət istiqamətləri, gənclər üçün yaradılan imkanlar barədə məlumat verib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Şabran rayonu üzrə təhsil sektorunun əməkdaşı Rəşad Məmmədov və Şabran şəhər 5 nömrəli tam orta məktəbin direktoru İmarət Əsgərova çıxışlarında gənclərin maariflənməsinə xidmət edən bu əhəmiyyətli layihənin Şabran rayonunda da keçirilməsini təmin etdiklərinə görə təşkilatçılara təşəkkürünü bildirib.
Rəsmi hissədən sonra start verilən yarışın yekununda Şabran rayonu Ağbaş kənd tam orta məktəbinin şagird və gənc müəllimlərdən ibarət “Forza” komandası qalib adını qazanıb. İkinci və üçüncü yerləri müvafiq olaraq Şabran şəhər 2 nömrəli tam orta məktəbin “Lider” və Şabran şəhər 3 nömrəli tam orta məktəbin “Samir” biliciləri tutub.
Qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal, diplom və kitablarla təltif ediliblər.
Qeyd edək ki, layihə çərçivəsində Xaçmaz, Qusar və Quba rayonlarında da seçim turları keçiriləcəkdir.
Sona