Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalqımıza qarşı törədilmiş qanlı faciə

Xalqımıza qarşı törədilmiş qanlı faciə



Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür.
Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalaraq min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin düşmüş, kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılmışdır.

31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir.
Qonşu xalqların torpaqlarını zəbt edərək “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Bu soyqırım hadisələrinin ən dəhşətlilərindən biri də daşnak-bolşevik silahlı dəstələri tərəfindən 1918-ci ilin mart-aprel aylarında qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.

1918-ci ildə erməni quldur dəstələri Bakıda insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıtmış, məscidləri yandırmış, yerlə yeksan etmişlər.

Təkcə XX əsrin əvvəllərində ermənilərin Bakıda, Şamaxı, Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda və digər bölgələrimizdə xalqımıza qarşı həyata keçirdiyi soyqırım aktları nəticəsində bu ərazilərdə on minlərlə dinc əhali - qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilmiş, yaşayış yerləri talan edilərək viran qoyulmuş, xalqımızın milli mədəniyyət abidələri, məscidlər dağıdılmış və yandırılmışdır.
O dövrdə ermənilər Azərbaycanın qədim paytaxtı olan Şamaxıda da dəhşətli talan və vəhşiliklər törətmişlər. Şamaxının müsəlmanlar yaşayan hissəsinə od vurulmuş, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq - Cümə məscidi yandırılmışdır.

Bu soyqırım eyni ssenari üzrə Qubada və digər bölgələrəmizdə də amansızcasına törədilmişdir. Bu hadisələr bir daha ermənilərin necə bir vəhşi və qəddar xalq olduqlarını göstərir.

Bu faciədə dinc, silahsız türk-müsəlman əhali ilə yanaşı, minlərlə ləzgi, tatar, talış, avar, kürd və digər xalqların nümayəndələri, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik mənsubiyyətlərinə görə amansızcasına qətlə yetiriliblər. Ermənilər uşaqlara acımadıqları kimi yaşlılara və gənc qadınlara da rəhm etməyiblər.

Planlı şəkildə Azərbaycan xalqına qarşı törədilmiş bu kütləvi soyqırımı faciəsində “Daşnaksutyun” partiyasının iştirakı danılmazdır. Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsinin iştirak etdiyi soyqırımında dinc sakinlərin yaşadığı məhlələrə qəflətən basqınlar edilərək uşaqdan böyüyədək hər kəs qətlə yetirilmişdir. Bu bir daha onu göstərir ki, Bakı Soveti əslində daşnakların və erməni zabitlərinin rəhbərlik etdiyi cinayətkar hərbi-siyasi rejim idi.

1988-ci ildə ermənilər SSRİ-nin zəifləməsindən istifadə edərək yeni ərazi iddiaları ilə çıxış etməyə başladılar. Ermənistanda yaşayan bütün azərbaycanlıları deportasiya etdilər. Sonrakı dövrlərdə Dağlıq Qarabağı və ətraf rayonları işğal etdilər.

Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni vəhşiliyinin ifşa olunması istiqamətində ciddi addımlar atıldı. Onun xəritə qarşısında əlində çubuqla Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olmasını göstərməsi mənzərəsini çoxumuz yaxşı xatırlayırıq.

Müstəqillik illərindən sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart Soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya çatdırılması işinə başlanılmışdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 1998-ci il martın 26-da Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Fərman imzalamışdır. Ümummilli lider Heydər Əliyev 31 mart - “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”. İmzalanmış bu Fərmandan sonra 1918-ci il soyqırımı hadisələrinin öyrənilməsi istiqamətində xüsusi işlər görülmüş, çoxlu əsərlər yazılaraq xarici dillərə tərcümə olunmuşdur. Həmin Fərmanın icrasının davamlı şəkildə həyata keçirilməsi məqsədilə Ulu Öndər Heydər Əliyev tərəfindən 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq edilmişdir.

Quba soyqırımı məzarlığı 2007-ci ildə şəhərdə stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri zamanı aşkar edilib. Məzarlıqda 500-dək insan kəlləsi var. Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı zamanı öldürüldüyü sübuta yetirilib. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“-nin yaradılması və abadlıq işlərinin aparılması barədə qərar vermişdir. Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş həmin Memorial kompleks 2013-cü il sentyabrın 18-də açılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalanmışdır. Bu sərəncamın imzalanmasında əsas məqsəd 100 il əvvəl Erməni-bolşevik silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha ətraflı çatdırılması idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatiyalar nəticəsində Ermənistanın dövlət səviyyəsində yeritdiyi terrorçuluq və hərbi təcavüz siyasəti ifşa olunur, Azərbaycanın haqq səsi daha ucadan eşidilir.

Bu gün yeni soyqırımların baş verməməsi üçün insanlarımız arasında birlik və həmrəyliyin olması, tarixdə baş verənləri unutmamaq xüsusi önəm daşıyır.

Ceyhun Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş