Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova Gürcüstan Parlamentinin komitə sədri ilə görüşüb

Sahibə Qafarova Gürcüstan Parlamentinin komitə sədri ilə görüşüb


Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin İqtisadiyyat Komitəsinin sədri Davit Sonğulaşvili ilə görüşüb. Görüşdə dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlərin inkişafından razılıq ifadə olunub.

Newscenter.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova ortaq mədəni dəyərləri bölüşən xalqlarımızın əsrlər boyu bir yerdə, dostluq, mehriban qonşuluq şəraitində yaşadıqlarını qeyd edərək, ölkələrimiz arasındakı əlaqələrin də bu möhkəm təmələ əsaslandığını bildirib.
Söhbət zamanı bildirilib ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və davamlı şəkildə inkişaf edir. Ölkələrimiz arasında münasibətlərin inkişafında ali və yüksək səviyyəli səfərlərin mühüm rolu qeyd olunaraq, vurğulanıb ki, ölkə liderlərinin qarşılıqlı səfərlərinin dinamikası onların bu əlaqələrə nə dərəcədə böyük əhəmiyyət verdiyini sübut edir.

Parlamentlərarası əlaqələrin Azərbaycan və Gürcüstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm tərkib hissələrindən biri olduğunu söyləyən Spiker Sahibə Qafarova deyib ki, bu gün qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Parlament sədrlərinin, nümayəndə heyətlərinin, dostluq qruplarının qarşılıqlı səfərləri bu əməkdaşlığın inkişafına mühüm təkan verib. Həmçinin, qanunvericilik orqanlarımızın komitələri arasında da yaxşı əməkdaşlıq təcrübəsinin formalaşdığı qeyd olunub.

Görüşdə diqqətə çatdırılıb ki, Azərbaycanla Gürcüstan arasındakı əməkdaşlıqda iqtisadi məsələlərin vacibliyi nəzərə alınaraq, qanunverici orqanlarımızın iqtisadi komitələri arasında əlaqələrin gücləndirilməsi həm parlamentlərimiz, həm də daha geniş mənada dövlət qurumlarımız arasında əməkdaşlığın daha da genişləndirilməsinə imkan yaradacaq.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin Azərbaycan Milli Məclisinin sədrinə salamlarını çatdıran Davit Sonğulaşvili Azərbaycanda növbədənkənar prezident seçkilərinin ölkəmizin bütün suveren ərazilərində uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O, iki ölkə arasında əlaqələrin inkişafında qanunverici orqanların mühüm rolunu qeyd edib.

Görüşdə Qərbdə bir sıra beynəlxalq təşkilatlarda mövcud olan ikili standartlar tənqid edilib, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsinin zəruriliyi vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Süleyman
Xəbəri paylaş