Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov narkotik vasitələrə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinin sərtləşdirilməsini təklif edib.
Newscenter.az xəbər verir ki, o, təklifini parlamentin bugünkü plenar iclasında səsləndirib.
Komitə sədri bildirib ki, bu gün bütün cəmiyyəti və hər kəsi narahat edən məsələ narkotikdir: “Gün ərzində mətbuatı oxuyanda rastlaşırıq ki, 5 nəfərdən 50 nəfərə qədər şəxs narkotik ticarəti, daşınması ilə bağlı məsuliyyətə cəlb olunur. Bu rəqəmlər tək narkotik qəbulu ilə yox, onun ticarəti ilə əlaqəlidir. Gör indi narkotik vasitələrdən istifadə edənlərin sayı nə qədərdir. Hesab edirəm ki, qanunvericiliyin digər hissəsində bu məsələni ciddi şəkildə sərtləşdirməliyik. Bu, istər İnzibati Xətalar Məcəlləsində, istərsə də Cinayət Məcəlləsində olmalıdır”.
Onun sözlərinə görə, artıq narkotik maddələr ümumi təhsil müəssisələrinə daxil olur: "Bu gün ölkədə kifayət qədər narkotik istifadəçilərinin müalicəsi üçün dispanserlər yoxdur. Artıq vaxtı çatıb ki, xəstəxanalarla yanaşı bu cür dispanserlərində tikilib istifadəyə verilməlidir. Bakıda bu cür bir dispanser var idi, amma onun da rəhbərliyi yaxın vaxtlarda korrupsiya ilə məsuliyyətə cəlb olundu. Həmin şəxs xəstələri sağaltmaq əvəzinə, korrupsiya ilə məşğul olurdu”.
“Bu gün sərhəddə narkotiklə əlaqəli kimi tuturlar hamısı İran vətəndaşından aldığını bildirir. Axı kimdir həmin İran vətəndaşı? Kimdir bu ölkəni və insanlarını zəhərələyən?! Kimsə bu bəladan sığortalanmayıb. Bu bəla hər kəsin qapısını döyə bilər. Əlimizdən gələni etməliyik ki, milli mentalitetə zidd olan, uşaqlarımızın gələcəyini məhv edən sistemə son qoyaq”, - S.Novruzov əlavə edib.