Dünyada qaçqın və köçkünlərin sayı 120 milyonu keçib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə məlumat BMT-nin hesabatında əksini tapıb.
Təşkilatın hesabatında deyilir ki, onlar təqiblərdən, münaqişələrdən, zorakılıqlardan və insan hüquqlarının pozulmasından qaçıblar
Dünya üzrə insan haqlarının pozulması, müharibə və zorakılıq səbəbindən evlərini tərk edən qaçqın və köçkünlərin sayı 2023-cü ilin sonunda 117,3 milyon nəfərə çatıb və 2024-cü ilin aprel ayının sonuna kimi bu rəqəmin 120 milyonu keçəcəyi təxmin edilir.
Hesabat müəllifləri vurğulayırlar ki, 117,3 milyon insandan 43,4 milyonu öz ölkələrinin ərazisini tərk etmiş qaçqın, 68,3 milyonu məcburi köçkün, qalanları isə digər kateqoriyalara aiddir.
Hesabatda deyilir ki, 2023-cü il ərzində ən azı 27,2 milyon insan evlərini tərk edib, onların dörddə biri öz ölkələrindən kənara çıxıb.
Bildirilib ki, dünya qaçqınlarının dörddə üçü beş ölkədən - Əfqanıstan, Suriya, Venesuela, Ukrayna və Sudandan olub.
2023-cü ilin sonunda Ukraynadan olan qaçqınların sayı 6 milyon nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5% çoxdur. Bu ölkədən gələn təxminən 2,6 milyon qaçqın və ya 44%-i qonşu dövlətlərdə sığınacaq tapıb.
Fuad Hüseynzadə