Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaq-Gənclər İnkişaf Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib

Uşaq-Gənclər İnkişaf Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib


Sentyabrın 15-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi (UGİM) əsaslı təmirdən sonra istifadəyə verilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Təravət Muradova, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, MÜTDA-nın Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilufər Rəhimova, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, dərnək üzvləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan 4 nömrəli UGİM-in direktoru Gülarə Quluzadə mərkəzin fəaliyyəti barədə məlumat verib.

Tədbir iştirakçılarını salamlayan BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova mərkəzin fəaliyyətinə uğurlar arzulayıb.

Bildirilib ki, mərkəzdə uşaq və gənclərin yaradıcı təxəyyülünün inkişafı üçün hər cür şərait yaradılıb.

İdarə müdiri məktəbdənkənar təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərin uşaq və gənclərin yaradıcılıq imkanlarına və onların hərtərəfli inkişafına əhəmiyyətli təsir edəcəyini vurğulayıb.

Yasamal RİH başçısının müavini Təravət Muradova, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ölkəmizdə uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün şagirdlərin məktəbdənkənar fəaliyyətlə cəlb olunmasının əhəmiyyətindən danışıblar. Bildiriblər ki, məktəbdənkənar təhsilin istiqamətləri üzrə keyfiyyətin yüksəldilməsi, qazanılan nailiyyətlər ölkəmizdə təhsil sahəsinə, o cümlədən məktəbdənkənar təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Tədbir dərnək üzvlərinin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.

Daha sonra qonaqlar 4 nömrəli UGİM-in binası ilə tanış olublar.

Qeyd edək ki, 4 nömrəli UGİM-də fəaliyyət göstərən 16 dərnəkdə 2 340 uşaq məşğul olur. 1950-ci ildən fəaliyyət göstərən Mərkəz respublika və beynəlxalq səviyyəli tədbirlərdə uğurla iştirak edib, müəssisənin yetirmələri müsabiqə, sərgi və festivallarda diplom, Fəxri fərman və sertifikatlara layiq görülüblər.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş