44 günlük Vətən Müharibəsində tarixi qələbəmizdən 4 il keçir. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün tam formada bərpa edilməsi, separatizmin kökünün kəsilməsi, ən əsası 200 illik erməni yalanları və mifinə son qoyulmasına gedən yol.
Azərbaycan bu gün qürur və fəxrlə qeyd etdiyimiz tarixi zəfərə qədər problemin sülh yolu ilə həll edilməsi üçün çox cəhdlər göstərdi, çabalar sərf etdi. Beynəlxalq müstəvidə, diplomatik formada məsələnin həllinə çalışdı. Azərbaycan məsələni diplomatik müstəvidə həll etməyə çalışdığı halda, Ermənistan öz təcavüzkarlıq siyasətini davam etdirdi, silahlanmanı sürətləndirərək yeni ərazi iddialarına düşdü. Davamlı olaraq təxribatlara əl atdı, müharibə əhval-ruhiyyəsində oldu. Bir neçə dəfə məkirli hücum planları Azərrbaycan Silahlı Qüvvələri tərəfindən pozulsa da, yenə də işğalçılıq siyasətinin davam etdirilməsinə üstünlük verdi.
Beləliklə, 27 sentyabr 2020-ci il tarixində növbəti genişmiqyaslı hücumu Azərbaycanın BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququna uyğun olaraq tədbirlər görməsini şərtləndirdi. Həmin tarixdə başlayan əks-hücum əməliyyatı - 44 günlük Vətən müharibəsi - zəfərə aparan yolun başlanğıcı oldu.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərə imza atdı. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət bərpa edilsin. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Noyabrın 8-də Şuşanın azad olunmasından sonra işğalçı Ermənistan müharibəni davam etdirmək iqtidarında olmadığını anladı, onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən məğlub tərəf kimi üzərinə bir sıra öhdəliklər götürən düşmən sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təhvil verməyə razılıq verdi.
Azərbaycan tarixi zəfəri ilə bir sıra reallıqları, gerçəklikləri dünyaya sübut etdi. İlk növbədə haqıszlıq, ədalətsizlik, işğala qarşı mübarizə aparıb qalib gəlməyi dünyaya sübuta yetirdi.
İkincisi, 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını təkbaşına təmin etdi. Uzun illər kağız üzərində qalan sənədlər Azərbaycanın gücü-qüvvəsi ilə həyata keçirildi.
44 gün davam edən döyüşlər zamanı rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib.
Bu gün azad edilən hər bir şəhər və rayon, kənd və qəsəbədə genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir, azad olunan ərazilər yenidən dirçəlir. Bu dirçəliş, inkişaf dünyaya asəs salır. Bu yenidən qurulma prosesi hər il zəfərimizin sevincini, əhatə dairəsini daha da artırır. Bütün bunlar, əldə edilən uğurlar onu deməyə əsas verir ki, bizə yalnız Zəfər yaraşır.
Arzuman Muradlı, «Milli İnkişaf» İctimai Birliyinin sədri