Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Üçtərəfli bəyanat mühüm bir addımımız oldu

Üçtərəfli bəyanat mühüm bir addımımız oldu


Bütün dünya 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan xalqının birliyini və həmrəyliyini gördü və eyni zamanda 10 noyabr 2020-ci il tarixli Bəyanat ilə Ermənistan tərəfindən uzun illər davam edən Azərbaycan torpaqlarının işğalına son qoyulmasının şahidi oldu. Azərbaycanın uğrlarını həzm edə bilməyən və Ermənistana havadarlıq edən bəzi xarici dövlətlər bilir ki, Azərbaycan yenilməz, dəmir iradəli xalqa və müzəffər orduya malikdir.

Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Üçtərəfli Bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm bir addımımız oldu.

Artıq biz qalib xalıq və üç rəngli bayrağımız azad edilmiş bütün torpaqlarımızda dalğalanır. İşğal altında olan torpaqlarımızı Ermənistan bizə bağışlamayıb biz bu torpaqları qəhrəman, igid, şücayətli oğullarımızın, həbçilərimizin sayəsində döyüşə-döyüşə geri qaytarmışıq. Bununla da bir xalq olaraq bütün dünyaya gücümüzü sübut etdik və düşməni qarşımızda diz çökməyə, kapitulyasiya aktını imzalamağa məcbur etdik. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, Şuşa və nəhayət bütöv bir Qarabağ bizimdir.

Bu gün artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Ermənistanla münaqişə artıq başa çatıb və torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişib və itirilmiş ərazilərini geri qaytarıb. Bütü bu zəfərlərə Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında nail olub. Bu müharibə dönəmində Türkiyənin ölkəmizə və xalqımıza açıq dəstəyi bir çox ölkələrin bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmişdir.

Azərbaycan müharibə dövründə yeni üsul hərbi strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə və minimal itkilər verməklə qısa müddət ərzində düşməni darmadağın etmişdir . Silahlı Qüvvələrimizin döyüş zamanı nümayiş etdirdiyi təcrübə, həmçinin hərbi əməliyyatlar, texniki imkanlar, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi hazırda əksər dünya ölkələri tərəfindən öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd etmişdir.

Qeyd etmək istəyirəm ki, imzalanmış Üçtərəfli Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyası kimi qiymətləndirilməlidir.

Beləliklə, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.


Pərvanə Vəliyeva, Milli Məclisin deputatı
Xəbəri paylaş