Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vüqar Gülməmmədov: "Bəzi qurumlar proqnozlaşdırma prosesinə formal yanaşır"

Vüqar Gülməmmədov: "Bəzi qurumlar proqnozlaşdırma prosesinə formal yanaşır"


Azərbaycanda bəzi qurumlar dövlət vəsaitlərinin proqnozlaşdırılması prosesinə formal yanaşır.

Bunu "Report"a müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

"Bu, büdcədən maliyyələşən qurumlar üzrə intizamın yüksəldilməsinə ehtiyac olduğunu göstərir. Büdcənin icrası ilə bağlı məlumatlara əsasən, 11 ayda təxminən 3 milyard manat profisit qeydə alınıb. İlin əvvəlinə qalıq və il ərzində kəsirin maliyyələşdirilməsi üzrə məbləğlər nəzərə alındıqda qalıq məbləğ bir qədər böyüyür. Buna səbəb kimi büdcənin (ayrılan vəsaitlərin) vaxtında icra edilməməsi, bəzi qurumların dövlət vəsaitlərinin proqnozlaşdırılması prosesinə nisbətən formal yanaşması, satınalma prosedurlarını vaxtında aparmaması, xərclərin rəsmiləşdirilmə prosesini düzgün aparmaması, investisiya layihələrini sifarişçi təşkilatların düzgün idarə etməməsi hallarını qeyd edə bilərəm. Sadaladığım bu hallar keçirdiyimiz auditlərlə təsdiqlənir", - deyə o qeyd edib.

Bundan başqa, sədrin sözlərinə görə, ötən il Palata büdcələrin icrası, yenidən baxılması və layihəsinə dair 9 rəy hazırlayıb, aidiyyəti üzrə təqdim edib: "9 rəydən 4-ü bu ilin büdcə prosesləri ilə bağlıdır. Sadaladığım rəylərdə dövlət maliyyəsi üzrə aşkarladığımız problemləri şərh edib, dövlət maliyyəsinin idarəedilməsinin təkmilləşdirilməsi istiqamətində tövsiyələrimizi əks etdirmişik. Bir müsbət məqamı qeyd edim ki, əvvəlki ildə aşkarladığımız problemlərin bəziləri ötən il tam və yaxud qismən aradan qaldırılıb, bəziləri üzrə isə addımlar atılmaqdadır".
Xəbəri paylaş