
Qlobal təbii qaz istehlakı ötən il tarixdə ən yüksək həddə çataraq 4 trilyon 170 milyard kubmetrə çatıb.
Newscenter.az Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 2025-ci il Qaz Bazarı Hesabatına əsasən, qlobal təbii qaz istehlakı 2,5 faiz artıb.
Son 10 ilin ən sürətli artım templərindən biri kimi qeydə alınan bu artıma iqtisadi artım, sənayeləşmə, texnoloji inkişaflar, əhali artımı, urbanizasiya və dəyişən hava şəraiti səbəb olub.
Ötən il Çinin istehlakı 33 milyard kubmetr artaraq 430 milyard kubmetrə çatıb. Rusiya və ABŞ-ın hər biri istehlaka 20 milyard kubmetr töhfə verib. Latın Amerikası, Karib hövzəsi və Afrikada artım məhdud idi, Avropada isə istehlak iki illik azalmadan sonra sabit qalıb.
Qaz istehlakının artmasında elektrik enerjisi istehsalı və sənaye təsirli olub. Hesabata görə, sektorlar səviyyəsində tələb artımında elektrik enerjisi istehsalı və sənaye önə çıxıb. Elektrik nəqliyyatının yayılması, sənayenin elektrikləşdirilməsi və məlumat mərkəzlərinin böyüməsi ilə qazla işləyən elektrik enerjisi istehsalı artıb.
Mehman Mehdiyev