Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Asiya İnkişaf Bankının vitse-prezidenti Azərbaycana gəlib

Asiya İnkişaf Bankının vitse-prezidenti Azərbaycana gəlib


Asiya İnkişaf Bankının (AİB) Cənub, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti Yinminq Yanq Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, Maliyyə naziri və AİB-in Rəhbərlər Şurasının üzvü Sahil Babayev, İqtisadiyyat naziri və AİB-in Rəhbərlər Şurasının alternativ üzvü Mikayıl Cabbarov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, Energetika naziri Pərviz Şahbazov, Mərkəzi Bankın sədri Taleh Kazımov və digər yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşüb.

Newscenter.az xəbər verir ki, o, ölkənin inkişaf prioritetlərinə – o cümlədən iqtisadiyyatın diversifikasiyanın təşviqi, özəl sektorun inkişafı, yaşıl keçid və regional əlaqələrin gücləndirilməsi üzrə AİB-in davamlı dəstəyini bir daha vurğulayıb.

Bu görüşlər çərçivəsində cənab Yanq Azərbaycanın inkişaf perspektivlərini, o cümlədən ölkədə maliyyə sektoru və kapital bazarların inkişafını müzakirə edib. Özəl sektorun gücləndirilməsi, regional əməkdaşlıq və inteqrasiya, rəqəmsal transformasiya, eləcə də enerji, nəqliyyat, su və kənd təsərrüfatı sahələrinə dair əsas layihələr müzakirə olunub. Bu layihələr ölkədə yeni inkişaf sahələrinin yaranması və karbohidrogen ehtiyatlarından asılılığın azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır. O, həmçinin qlobal qeyri-müəyyənliklər fonunda islahatların ardıcıl şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb, eləcə də xüsusilə insan kapitalı və bacarıqların inkişafına diqqət yetirilməsinin əhəmiyyətini qeyd edib.

Hökumət nümayəndələri isə Azərbaycan ilə AİB arasında uzunmüddətli tərəfdaşlığın əhəmiyyətini qeyd edib. Cənab Yanq hökumət, eləcə də digər əsas tərəfdaşlarla sıx məsləhətləşmələr əsasında hazırlanmış AİB-in Azərbaycan üzrə yeni ölkə tərəfdaşlıq strategiyasının (2025-2029) təsdiq olunma tarixindən danışıb.

“Azərbaycan regional əlaqələr və ticarətdə əhəmiyyətli rol oynayır, həmçinin Asiya ilə Avropa arasında mühüm körpü funksiyasını yerinə yetirir. AİB Azərbaycanın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramında (CAREC) fəal iştirakını alqışlayır və ölkənin “Orta Dəhliz” və “Xəzər Yaşıl Enerji Dəhlizi”nin təşviqi üçün göstərdiyi səyləri dəstəkləyir,” – deyə cənab Yanq bildirib. “Son illər ərzində AİB, özəl sektor investisiyaları vasitəsilə ölkədə irimiqyaslı günəş elektrik stansiyalarının inkişafına da fəal şəkildə sərmayə qoyub.”


2–5 iyun tarixlərində ölkəyə etdiyi 4 günlük səfər çərçivəsində cənab Yanq həmçinin COP29-un prezidenti və Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb. AİB COP29 sədrliyinə və Azərbaycan hökumətinə İkiillik Şəffaflıq Hesabatı, karbon bazarlarına dair Paris Sazişinin 6-cı maddəsi, Ticarət üçün İqlim Maliyyəsi və İnvestisiya üzrə Bakı Təşəbbüsü, eləcə də Hava Keyfiyyəti kimi sahələr də daxil olmaqla dəstəyini davam etdirir.


Səfəri çərçivəsində cənab Yanq inkişaf tərəfdaşları və özəl sektorun nümayəndələri ilə də müzakirələr aparıb. AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sünniya Durrani-Camal cənab Yanqla bərabər bu görüşlərdə iştirak edib.

Azərbaycanın banka üzvü olduğu dövrdən, 1999-cu ildən bəri, AİB ölkədə nəqliyyat, enerji, dövlət idarəçiliyi, səhiyyə, kənd təsərrüfatı, eləcə də ticarət və təchizat zəncirinin maliyyələşdirməsi üçün dövlət və özəl sektor üzrə ümumilikdə 4,4 milyard ABŞ dolları dəyərində 145 kredit, qrant, zəmanət ayırıb və texniki yardım layihələri həyata keçirib.

AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır. AİB 1966-cı ildə yaradılıb, 50-i regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.

Süleyman
Xəbəri paylaş