
"2020-ci ilin 8 noyabrında qədim Şuşamızın azad olunması ilə tariximizin ən şanlı səhifələrindən biri yazıldı və bu zəfərlə düşmənin belini qıraraq, torpaqlarımızda ədaləti bərpa etdik".
Newscenter.az xəbər verir ki, bu fikirləri İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə Orucova səsləndirib. O bildirib ki, Zəfər Günü – sadəcə bir qələbə deyil, eyni zamanda şəhidlərimizin müqəddəs qanı, qazilərimizin rəşadəti və xalqımızın sarsılmaz iradəsi ilə yazılmış milli qürur günüdür:
"Bu tarixi gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində əldə olunmuş möhtəşəm qələbənin rəmzidir. 44 günlük Vətən müharibəsində müstəqilliyimizin, ərazi bütövlüyümüzün bərpası, uzun illər boyu işğal altında qalan doğma torpaqlarımızın azad olunması xalqımızın yenilməz ruhunun, sarsılmaz iradəsinin və milli qürurunun təntənəsi oldu".
Turanə Orucova qeyd edib ki, bu qələbə həm də gələcək nəsillər üçün Vətən sevgisinin, qəhrəmanlığın və milli ruhun simvolu olaraq yaşayacaqdır:
"Bu əlamətdar gündə bir daha qəhrəman şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə dərin təşəkkürümü bildirirəm. Xalqımıza daim əmin-amanlıq, dövlətimizə ucalıq, bayrağımıza sonsuz qürur arzulayıram!
Zəfər Günümüz mübarək olsun!
Qarabağ Azərbaycandır!".
Süleyman












































